Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Orucun Qaynarinfo-ya müsahibəsi.
- Zahid bəy, rəsmi İrəvanda hakimiyyət uğrunda savaş gedir. Siz bu savaşı necə qiymətləndirirsiz?
- Ermənistanda daxili hadisələr əsasən iki istiqamətdə inkişaf edir: 44 günlük savaşdan sonra regionun yeni iqtisadi, siyasi və geosiyasi mərhələyə daşınmasından sonra İrəvanda Paşinyan hakimiyyətinin sükanı qoruyub saxlaya biləcəyinə inananların sayı kəskin azalır, əvəzində onu xarici və daxili təzyiq qruplarının "kapitulyant”a gəldiyi yolla - küçə təzyiqi vasitəsilə devirə biləcəklərinə dair versiyalar gerçəklik qazanır. Yəni, Azərbaycan, Türkiyə və eləcə digər dövlətlərin Qafqazlarda qurduqları yeni arxitektura ərazidəki 3 ölkənin hər birində siyasi sistemin dayanıqlığına təsirsiz qalmır. Faktiki olaraq, Qərbin Saakaşvilini Gürcüstana qaytarması ölkəmizin hərbi qələbəsindən sonra özünü "məğlub”lar sırasında, yaxud dışlanmış sayan dövlətlər qrupu geopolitik inqilab dalğasına öz xeyirlərinə dizayn vermək niyyətilə aktivləşiblər. Fransa, ABŞ və İranın maraqları çox unikal şəkildə bir-birilə yaxınlıq təşkil edir, hətta bəzən uzun illər soyuq müharibə tərəfləri olan bu dövlətlərin Qafqaz siyasətində az qala eyni olan siyasətləri heyrət doğurur. Vaxtaşırı hər üç ölkə səfirlərinin Zəngəzur nahiyəsində hərbi müşahidəçi statusu ilə görünmələri, statusla bağlı Treysinin bəyanatları, həmin hövzədə ABŞ-ın enerji şirkətlərinin külli miqdarda investisiya qoyaraq, İrana nəzarət üzrə on illər ərzində mühüm bir infrakstruktur yaratmaları, nəhayət, Rusiya əleyhinə qüvvələrin son aylar aktivləşdirilməsi bir sıra proqnozlar üçün əsas yaradır. Halbuki Paşinyan müharibədə məğlubiyyətdən sonra da demokratik şüarları əldə rəhbər tutaraq, Avropa siyasi institutlarının simpatiyasını qazanmağa çalışması və ona vəd olunan 2.6 milyard avroluq yardımı daha tez almaq üçün sürətli islahatlar platformasına keçməsi Tbilisidə hakimiyyət dəyişikliyini sürətləndirə bilər. Təsadüfi deyil ki, keçmiş "qızılgül inqilabı”nın ideoloqu və lideri öz tərəfdarlarını məhz "Paşinyan taktikası” ilə meydanlara çıxmağa səsləyib. Halbuki, Mixail Saakaşvilinin 8 illik prezidentlikdən sonra dünya miqyasında "avtoritarizmdən demokratiyaya keçid” modeli üçün əsas etalonlardan biri olması heç kəsə sirr deyil.
Yeni siyasi eranın formalaşmasında iştirak edənlərdən bəzilərinin səhnədən gedəcəyi şübhə doğurmur. Növbəti mərhələdə, bölgə dövlətlərinə daha yaxın siyasət yürüdən, bir başa qonşu paytaxtlardan direktivlər alan yeni siyasi liderlər İrəvanda iqtidara gətirilir və ardınca Rusiyanın Vətən müharibəsindən sonra İrəvanı tamamailə ram edərək, özünün daha böyük miqyaslı strategiyasına keçidi başlayır. Müharibədə məğlubiyyətdən sonra Ermənistanın regional və beynəlxalq subyekt kimi mövqeyi sarsıldığından, Moskva son 30 illik siyasətində kəskin korrektələr edərək, cənub cinahını Türk qovşağı ilə möhkəmləndirmək üçün çoxlarının tarixi səbəblər üzündən şübhə ilə qarşıladığı Türkiyə ilə yeni "Moskva müqaviləsi” imzalaya bilər. Mahiyyət etibarilə, bunu siz Qafqazların 300 il əvvəlki, lakin "Böyük Oyun” adlandırılan qanlı müharibələrsiz bölüşdürülməsi də adlandıra bilərsiz. Yalnız bir fərqlə - Azərbaycan öz ətrafında yeni geopolitik orbit formalaşdırır və Bakı yeni hərbi-siyasi ittifaqın mərkəzində yer alır.
Beynəlxalq ekspertlərdən biri "Vətən müharibəsindən sonra Türkiyə müəyyən qədər sərhədlərini tez açsaydı, İrəvan üzərində təsir qazanardı” fikrini səsləndirib. Amma son üç ildə bölgədə cərəyan edən "geopolitik çevriliş”in artıq daxilə keçdiyini görürük.Əgər küçə və meydanlarda bir iqtidarın əvəzlənməsi, 1990-ci illərdə erməni xalqının həyatını məhv edən qüvvələrin arenanı tərk etməsi, daxili məxməri dəyişikliklərdən sonra hazırda hadisələr subregion səviyyəsinə qalxır. İki ziddiylətli tendensyanın arasında yeganə tənzimləyici nüvə rolunu hərbi qələbəsi ilə 27 illik statusunu dəyişmiş Azərbaycan həlledici çəki qazanmaqda davam edir.
- Bəzi hallarda elə görünür ki, Paşinyan Azərbaycanla münasibətləri normallaşdırılmasında maraqlıdır. Siz bunu necə hiss edirsiz?
- Cənab prezident qeyd edir ki, sərhədlərlə bağlı Azərbaycan Silahlı Qüvvələri Kəlbəcərdən Zəngilana qədər öz mövqeyini bərpa edib, yerlərə Sərhəd Qoşunları yerləşdirib. Gorus-Qafan yoluna gömrük, polis və digər dövlət orqanlarının birlikləri suverenlik və yeni reallıq, loqistik qaydalar, hüquq və şərtlər gətirib. Bütövlükdə dövlətimizin orada mövqeyinin möhkəmlənməsi Qarabağı son 30 illik mərkəzi roldan sürüşdürüb çıxarır və Azərbaycan ssenarisi inkişaf etdikcə Bakı və İrəvanın tarixi bağları, təbii energetik kütləsi, iqtisadi-sosial vahidliyi virtual da olsa, bərpa olunur. Yeri gəlmişkən, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan 8 noyabrda İrəvanda mitinq keçirdi və Paşinyanı Qarabağı tamlıqla Azərbaycana təslim etməkdə suçladı. Onun Şuşa Zəfəri günündə meydana çıxması növbəti Moskva görüşünə hesablanıb. Onlar hesab edir ki, Azərbaycan-Etrmənistan rəhbərlərinin növbəti görüşü reallaşsa və Böyük Sülh sazişi imzalanmasa belə, onun ayrı-ayrı fraqmental hissələri ətrafında bir konsensus tapılar, avtomatik olaraq, Köçəryan və onun çevrəsinin siyasi baxımdan tam məhv olmasına gətirib çıxarar. Qarabağın gələcəyi orada hər hansı xarici hərbi qüvvələrin missiyasından daha çox, 10 Noyabra, 1 Dekabra və ondan keçən bir illik "sülh savaşı”nı aparan qalib lider İlham Əliyevin planları ilə müəyyənləşir.
- Köçəryan həm də Rusiyanın adamı kimi tanınır. Rusiyanın sülh çağırışları etdiyi dönəmdə onun buna qarşı çıxmasını şimal qonşumuzun oyunu kimi də qiymətləndirənlər var...
- Artıq o dövlətlər də başa düşdülər ki, Qarabağ hadisələri dağıdıcı effekti ilə 1990-cı ildən bu yana Rusiyanın özünə də böyük zərbə vurub. Biz yalınız onu deyə bilərik ki, 20 faiz ərazimizdə Qarabağı saxta müstəqil dövlətə çevirmək mümkün olmadısa, indi onların öz sözləri ilə söyləsək, "4 faizlik ərazi”də buna nail olması təkcə riyazi rəqəmlərin fəlsəfəsindən yox, həm də relyef, landşaft və infrastruktur müharibəsi aparan tərəfin şərtləri altında müəyyənləşir. Keçmişdə sosial, iqtisadi baxımdan dağıdılmış 7 rayonun torpaqları üzərində azsaylı, lakin böyük maliyyə imkanları olan möhtəkir, istismarçı dairələri çıxmaq şərti ilə erməni xalqı işğaldan külli miqdarda bəlalar çəkib. Onların demoqrafik məhvi yüz il əvvəlki tarixdən yaratdıqları hekayədən daha dəhşətli olmalıdır və bunu dərk edən müəyyən intelektualları mövcuddur.
- Qondarma "Dağlıq Qarabağ”da özünü rəhbər sayanlar dünən bəyan etdilər ki, heç vaxt Qarabağ Azərbaycanın tərkibində olmayacaq. Bu barədə nə deyə bilərsiz?
- Bu gün virtual məkanda hamı elektron dövlət qura və istədiyi fikri səsləndirə bilər. İnternet üzərindən qurduqları ölkəyə ərazi, ordu, bayraq, maliyyə təminatları və digər atributları yaratmaq o qədər də çətin deyil. Qarabağdakı təhlükəsizliyi bizim ordudan kənarda kimsə daimi qoruya bilməz. Müqəddəs yüksəklikdə, dövlət və millət zərivəsindən hərbi punkt olaraq təbiətin yaratdığı Şuşada cəmi bir dəfə olan istənilən adamın bəsirət gözü açılır və o şəxs əmin olur ki, ayrılıqda Xankəndinin heç bir hərbi-siyasi və iqtisadi potensialı yoxdur. Çünki mühasirə vəziyyətindədir.Təkcə hərbi yox, bütün parametrlər üzrə azərbaycanlı faktoru ilə əhatələnib. Bizim corğafıyamız Yaxın Şərqdən kəskin şəkildə fərqlənir. O üzdən Qarabağa nə Balkanlar senarisini, nə də İraq, Suriya planlarını, xaotik versiyalarını daşımaq mümkündür. Həm də ona görə ki, bölgədə on minlərlə fərqli bayraq altında hərəkət edən terrorçu birləşmələri mövcud deyil. Xankəndinin, Xocalının, Xocəvənd və Ağdərənin gələcəyi iqtisadi, coğrafi, sosial, mədəni, quruculuq baxımından Azərbaycanla əlaqəli olacaq. Burada əsas düzəni verən Azərbaycan dövləti və onun lideridir. Artıq dövlət, siyasət paytaxtımıza çevrilən Şuşada bizə doğma olan Rəcəb Tayyib Ərdoğanın rəsmi şəkildə qəbulu, gələcəkdə başqa ölkə rəhbərlərinin də Bakı əvəzinə azad torpaqlarda qarşılanması dövlətimizin yeni siyasi mahiyyət qazandığını göstərməklə bərabər, nəinki Qarabağda, daha böyük coğrafiyalarda və bütövlükdə dünyada "yeni dalğa” yaradır. Azərbaycanlılar da öz doğma yurduna qayıtdıqdan sonra bütövləşən və tarixi köklərini bərpa edən bir millətin gücü daha da artacaq. Böyük paytaxtlarda bizə münasibət getdikcə daha da müsbətə doğru dəyişəcək. Azərbaycan xalqı 44 gündə dünya siyasətinin bağlı qapılar arxasında görünən azğın və amansız tərəflərini tam açıqlığı ilə göstərdi. Son bir ildə isə Qələbəmiz bizə yeni milli kimlik qazandırdı.
- Yeri gəlmişkən, dost saydığımız bəzi ölkələr hələ də Azərbaycanı qələbə münasibəti ilə təbrik etməyiblər. Bu nə ilə bağlıdır?
- Düz deyirsiniz. Qələbəmizi təbrik etməkdə gözləmə mövqeyi seçən, ehtiyatlılıq modunda davranan dairələr, dövlətlər var. O sırada uzun illər Azərbaycanla ikili münasibətlərində ən yaxın olduqlarımız da mövcuddur. Əlbəttə, Zəfərimizin ən böyük nəticəsi milyonlarla dünya insanının bizi ruhən, qəlbən istəməsidir, göstərilən açıq simpatiyasıdır. Qələbəmizin legitimliyi bundadır. Digər tərəfdən, səngərdə və döyüş meydanlarında ən böyük idealı Vətən olan oğulların xalqımızın və bizə dost-qardaş olanlar tərəfindən ali qiymətləndirilməsi ən böyük təbrikdir. Çünki kənar rəylər vacib olsa da, birinci yerdə dayanmır və ən başlıcası, xarici hakimiyyətlər dəyişdikcə konynunkturaya uyğun çoxunu yanımızda görəcəyik. İndilikdə isə bir qismi bölgə üzərində savaşın son raundunu gözləməkdə fayda görürlər və "ikinci cəbhə”nin hansı cinahdan açılacağını təyin etməkdə çətinlik çəkirlər. Halbuki bir müddət sonra Şuşaya siyasi investisiya qoymağa tələsəcəklər. Yerdə qalan dairələr qoy özlərinə hesabat versinlər ki, Azərbaycanı təbrik etməməklə bizə ziyan vurmurlar. Çünki artıq qalib gəlmişik.
- Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilməsinin ildönümünü təntənəli qeyd etməsi belə vacibdirmi?
- Ərazidə müvəqqəti yerləşən Rusiya sülhyaradıcı qüvvələrinin indiyə qədərki davaranışları müsbət qiymətləndirilir. Yəni, hərbi meydanlarda şücaət və igidlik göstərən şəhidlərimizin, yaralıların qazandığı Zəfərin nəticəsində Laçın, Ağdam, Kəlbəcər 10 Noyabr 2020-ci il tarixində üç ölkənin dövlət başçıları tərəfindən imzalanan bəyanatla işğaldan azad edildi. Rusiya sühməramlı qüvvələri bu ərazilərdə qeyri-qanuni yaşayan ermənilərin çıxarılmasında öhdəliklərini yerinə yetirdilər. Razılaşmanın müdəalarının işlənilməsi yönündə sülhməramlıların təsirlərini, mövqeylərini ölkə rəhbəri tərfindən müsbət qiymətləndirilməsinin şahidi olduq. Sülhməramlılar ərazini xüsusilə partlamamış minalardan, digər zəhərli-partlayıcı silahlardan təmizləməsi sülh hazırlığı şərtlərinə uyğun gəlir və ənənəvi Paskeviç davranışları sayıla bilməz.
Amma eyni zamanda, media məkanına yanlış informasiyaların verilməsi, bəzən mandatlarını aşan həkətlərə yol vermələri fonunda Azərbaycan dövləti adından hərbi kontingentin rəhbərliyinə mövqelər çatdırılıb və düzgün kommunikasiyanın hesabına Volski praktikasının təkrarlanmasının yararlı olmayacağı müttəfiqlərin diqqətinə çatdıırlıb. Digər tərəfdən, türk hərbi heyətinin Birgə Mərkəzdə varlığı Suriya və Liviyadan fərqli bir platformadır və o coğrafiyalarda gedən hərbi rəqabəti burada sülh müstəvisinə daşımağa imkan vermir.
Bir daha heç kim unutmamalıdır ki, Qarabağı Azərbaycan iqtisadi məkanından, inzibati coğrafiyasından və siyasi Bakıdan kənarda hansısa proyektə, strategiyalara qoşmaq cəhdi o dairələrə fəlakət gətirər. İndiki Rusiya bölgədə 90-cı illərin praktirasından qaçır, SSRİ siyasətinin təkrarını ziyanlı sayanları Kremldə daha çox dinləməyə başlayırlar və bu həssas dönəmdə, qlobal savaşda onun mövqeylərinə zərbə vuran ənənəvi Qafqaz layihələrinə yenidən can verməkdən imtina edir. Bəli, Bakı Moskva və Ankara arasında yenə də həlledici meqakörpüdür. Mədəni, mental və qlobal siyasət baxımından hazırda onun alternativi yoxdur. Sühməramlılar ermənilərin iddia etdikləri kimi Azərbaycanın təsirinə qarşı çəkilən bir sədd deyil, xarici hərbi müdaxilənin qarşısına çıxan cənub ordusudur. Azərbaycan bölgədə elə sülh və əminamanlıq yaradacaq ki, üçüncü dövlətlərin hərbi iştirakına ölkəmiz daxilində ehtiyac qalmayacaq və ordumuz daha böyük coğrafiyaların təhlükəsizlik keşiyində dayanacaq. Biz ölkəmizə təhlükə törətməyən başqa xalqların nümayəndələrini Azərbaycanın istənilən məkanında yaşamasına şərait yaratmışıq. Bu üzdən sülhməramlıların tədbirləri bizim misilsiz Qələbəmiz fonunda əks elementə çevrilməməlidir.
Biz ümidvarıq ki, qarşıda bizi Böyük Sülh sazişinin imzalanması gözləyir. Ona görə lokal ərazilərə və nöqtələrə deyil, daha böyük hədəflərə baxmalıyıq.
- Zahid bəy, İranla hazırda münasibətlərimizi necə qiymətləndirirsiz?
- İranla Azərbaycan arasında yaranan gərginlikdən çözüm yolları tapılıb. Vətən müharibəsindən sonra bölgə üçün geniş açılmış kommunikasiyalar, ticarət əmtəələrinin, yollarının qurulmasına yönələn təşəbbüslər sanksiyalar altında əziyyət çəkən qonşu dövlətlər üçün xilas kəmərlədiridr. Azərbaycan Cənubi Qafqazda yeni geopolitik reallıq fonunda bölgədə fərqli arxitektura inşa etmək məqsədini açıq dilə gətirdi. 3+3 formatını və yeni birlik modellini İranın sabiq XİN rəhbəri Cavad Zərif birbaşa Bakıda dəstəklədi. Amma təəssüf ki, bütün bu baş verənlərin fonunda İranın yeni prezidenti İbrahim Rəisinin komanda üzvlərinin bir-birinə uzlaşmayan və əksər hallarda Azərbaycanın mövqeyi əleyhinə yönələn davranışlarını gördük.
Amma sonradan nə oldu? İranın səhv siyasəti Azərbaycan Prezidentinin qiymətləndirmələri və sərt reaksiyaları fonunda, əminik ki, uyğun anlaşıqlı bir formaya yönəldi. İki ölkə əlaqələrində müxtəlif redaktə, korrektələr aparıldı. Hazırkı dönəmdə görünən mənzərə budur ki, İran tərəfi İsrail-Azərbaycan əlaqələrini özünün həyati mənafelərinə, strateji maraqlarına təhlükə sayır. Amma sonradan bunu media məkanında müxtəlif ultimativ bəyanatlarla dilə gətirsə də, ziyanlarını görməyə başladı.
O da başa düşləndir ki, hər bir ölkədə Azərbaycanın qələbəsini həzm etməyən qüvvələr ola bilər. İranın Azərbaycana qarşı "ikinci cəbhə” açması bizim maraqlarımıza cavab verə bilməz. Xudəfərin körpüsünü cənab Prezidentin qeyd etdiyi kimi, dostluğa, əməkdaşlıq simvoluna çevirmək əvəzinə, Abbas Mirzədən qalan yeni səngərlər qazmaq regiona böyük başağrısı gətirər. Bizim hərbi doktrinamız da buna çağırış etmir. Əgər o ölkələr daxili problemlərini bölgədə gərginliklə əvəzlmək istəyirlərsə, bu, onların öz işidir.
Əhməd