
Azərbaycanın baş prokuroru Zakir Qaralov Ağstafa rayonunda qərb bölgəsindən olan vətəndaşların qəbulunu keçirir.
Ağstafa rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, Ağstafa və ətraf 5 rayondan baş prokurorla görüşmək üçün 130 nəfər qeydiyyatdan keçdiyi halda şikayətlərini Z. Qaralova çatdırmaq istəyənlərin sayı nəzərdə tutulandan bir neçə dəfə çox olub. Baş prokuror əvvəlcə uzaq rayonlardan gələn şikayətçiləri dinləyib.
Z. Qaralov jurnalistlərə açıqlamasında bildirib ki, şikayətlər əsasən prokurorluq orqanlarının fəaliyyətinə, konkret cinayət işlərində istintaqın gedişinə və məhkəmədə baxılan işlərlə aid olub. Baş prokuror digər məsələlərlə bağlı şikayətlərin olduğunu da qeyd edib və onların müvafiq orqanlara göndəriləcəyini bildirib.
Z. Qaralov deyib ki, regionlarda qəbulların keçirilməsində məqsəd vətəndaşların şikayətlərini vaxtında dinləyib haqlı şikayətləri yerindəcə təmin etməkdir.
Qəbulun axşam saatlarınadək davam edəcəyi bildirilir.