Xəbər lenti

Zədələnmiş etimad mühitində ictimai və dövlət maraqlarının müdafiəsi
Siyasət12:43 03.09.2021

Zədələnmiş etimad mühitində ictimai və dövlət maraqlarının müdafiəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
(Yazı "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə hazırlanmışdır)
"İctimai maraqların qorunması elə həm də fərdi maraqların qorunması hadisəsidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu İctimai və dövlət maraqlarının müdafiəsindən danışarkən deyib. Onun sözlərinə görə, nəticə etibrilə cəmiyyət elə fərdlərdən təşkil olunan sosial iyerarxik piramidadır:
"Ancaq daha dərindən analiz etdikdə, əlbəttə, fərdi maraqlar cəmiyyətdaxili bütün münasibətlər sistemində ayrıca bir məsələdir. Onların müdafiə olunmasına gəldikdə isə qeyd etmək lazımdır ki, demokratik cəmiyyətdə ictimai maraqların qorunması hər şeydən öncə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və bu fəaliyyətin ictimai faydalılıq əmsalı ilə bağlıdır. Şübhəsiz ki, hüquqi dövlətdə hüquq və qanunun vəzifəsi dövlətin maddi və mənəvi, bütün növ sərvətlərinə inkulizivliyi, yəni hamı üçün əlçatanlığını təmin etməkdən ibarətdir. Ancaq vədəndaş fəallığı aşağı olduqda biz nə hüququn, nə də qanunun lazımı səviyyədə tətbiqini görmürük. Ona görə də burada ictimai maraqların fərdi maraqlardan daha üstün tutulması zərurəti ortaya çıxır ki, elə cəmiyyətin inkişaf səviyyəsi də bəzən bu kriteriya ilə qiymətləndirilir. Azərbaycan təcrübəsinə gəldikdə isə təəssüflə deməliyəm ki, bizdə ictimai etimad mühiti zədələndiyi üçün heç də bütün mümkün hallarda bizim üçün ictimai maraqlar öndə gəlmir. Bunun da çoxsaylı səbələri var. İctimai etimad isə sosial sementdir. Yuxarıda dediyimiz sosial iyerarxik piramidal strukturu biri-birinə bağlayaraq onu ayaq üstündə tutur. Ona görə heç də hamımız ideal ictimai maraq qoruyucuları hesab edilə bilmərik. Bu isə nəticəyə təsir edir. Ancaq 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan xalqı yenidən müzəffər xalq kimi milad edib. Biz yeni tarixi mərhələdə yeni keyfiyyətdə ictimai münasibətlər və mental keyfiyyətlər qazanmağı bacarmalıyıq. Bu bizim gələcək nəsillər və tarix qarşısında borcumuzdur. Dövlət ictimai müqavilə əsasında meydana çıxan süni sosial-siyasi institut olduğu üçün o daha çox idarəetmə və zor aparatı kimi çıxış edir. Yəni dövlət sinifli cəmiyyətin siyasi sisteminin məhsuludur. O ictimai maraqların qorunması üçün qanun, hüquq və s. kimi inzibati alətlər yaradır və ictimiai münasibətləri də elə bu alətlərlə tənzimləyir. Bu mənada Azərbaycan dövləti üzərinə düşən vəzifələri yerinə yetirməyi bacarır. Ancaq ictimai maraqlar üçün səfərbər olunma və onu qoruma həm də cəmiyyətin özünün təşəbbüskarlığına və dinamikliyinə bağlı olduğu üçün biz daha çox cəmiyyətdaxili içtimai institutlara, vətəndaş cəmiyyəti institutlarına üz tutmalıyıq. 
Ayrıca ictimai siyasət kimi xususi bir siyasətdən danışmaq o qədər də doğru olmazdı. Əslində bu məsələlər dövlətin daxili siyasəti kontekstində nəzərdən keçirilən hadisədir. Daxili siyasət icə şaquli və üfiqi istiqamətdə çoxvektorlu və coxşaxəlidir. Dövlətin sosial siyasətindən başlamış hümanitar siyasətinə, təhsil siyasətindən başlamış mədəniyyət siyasətinə qədər olan bütün istiqamətlər əslində bizim ictimai münasibətlər sistemimizin keyfiyyətini müəyyən edir. Yəni hər bir fərd yaşadığı ətraf mühitin və ictimai-siyasi münasibətlərin sosial məhsuludur. Bu münasibətlərin yüksək keyfiyyətdə olması üçün dövlətimiz əlindən gələn və mümkün bütün vasitələri tətbiq etməyə çalışır. Məsələn, hüquqi baza və qanunlar Ali Qanunverici Orqan olan Azərbaycan Respublikasının Milli Məclisində yaradılır. Son illərdə aktual olan çoxsaylı problemlərin və ictimai müstəvidə tənzimlənməsi vacib olan münasibətlərin yoluna qoyulması üçün çox böyük işlər görülüb. Bunların əksəriyyəti ya da elə hamısı əslində ictimai maraqların hüquqi müstəvidə həm qorunmasına, həm də tənzimlənməsinə xidmət edir. Bunun nə dərəcədə səmərəli olub-olmaması isə yenə də bizlərdən asılıdır. Uğurlarımız olduqca böyükdür. Bu ayrıca bir mövzudur və düşünürəm ki, müxtəlif istiqamətlər üzrə sistemi şəkildə yaxşı təhlil etmək və ictimai hesabat hazırlamaq olar” .
"Media daha çox ayna funksiyasını yerinə yetirir”
Media eksperti Ələsgər Məmmədlinin fikirincə, müasir kommunikasiya informasiya texnologiyalarının sürətli inkişafı əslində medianı yeni bir sferaya daşıyıb:
"Bu, yeni mediadır. Onlayn media ənənəvi medianı çox üstələyir. Sosial media çox interaktivdir, eyni zamanda da çevik dəyişə bilir. Yəni gündəmin hadisəsinə reaksiyası var. Bu baxımdan sosial medianın müstəsna olaraq hadisələrə reaksiyaları çevikdir və ictimai rəy formalaşdırır. Dövlət maraqları ya da ictimai maraqlar ifadəsi içində əslində dövlət maraqları ifadəsi bir az geri planda olan bir məsələdir. Çünki əsasən ictimai maraqlardır. Dövlət özü də ictimai maraqlara xidmət edirsə, dövlət olur. İctimai maraqlara xidmət etməyib ayrı-ayrı fərdlərin marağına xidmət edirsə, o zaman dövlətin marağı ictimia maraqla üst-üstə düşmür. Bu baxımdan dövləti idarə edənlər onun ictimai marağa uyğun idarə olunmasına önəm verməlidir ki, ictimai maraq da bu baxımdan dövlət maraqları ilə üst-üstə düşsün. Media bu aspektə nə verə bilir? Media daha çox ayna funksiyasını yerinə yetirir, yəni görünəni əks etdirir. Görünən nədirsə, media onu göstərəcək. Bu baxımdan medianın hansısa bir təbliğatda rol oynamaq kimi bir funksiyası yoxdur. Medianın məlumatlandırma, eyni zamanda informasiya vermək, yeri gələndə maarifləndirmə funksiyası var. Amma bundan başqa, təbliğat aparmaq funksiyası yoxdur. Bu baxımdan əsas məsələ yenə də cəmiyyətin ümumi öndə olan, idarə edən tərəfin üzərinə çox yük düşür. Həmin tərəf ilk növbədə ictimai maraqlar aspektindən idarəetməyə yanaşsın. Cəmiyyət isə ictimai maraqlar aspektindən yanaşan idarəetməni həmişə mənimsəyir. Amma nə zaman ki, ictimai maraqlardan çıxış etməyib fərdi maraqlardan çıxış edən idarəetmə olursa, bu zaman cəmiyyətlə ciddi bir ayrılma başlayır və cəmiyyət onu özünə qarşı olaraq görür. Təbii ki, qarşı olursa, o zaman ona qarşı da düşüncələrini ifadə edir və ya fəaliyyətini qurur. 
Ölkəmizdə ictimai maraqlarla dövlət marağı ən çox xarici siyasət sahəsində üst-üsə düşür və ölkənin müstəqilliyi aspektindən. Düşünürəm ki, burada hər hansı fikir müxtəlifliyi yoxdur. Ən çox problem isə idarəetmə və yerli özünü idarəetmə, o cümlədən sosial problemlərə yanaşmada, eyni zamanda qütbləşmə, siyasi diskrimnasiya... Bu aspektdə isə üst-üstə düşmür, təzadlar olur”.
"Xalq, dövlət, ordu və prezident həmişə bir olub”
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni bu məsələnin həmişə forumda aktiv olduğunu vurğulayıb:
"Milli Qeyri-Hökumət Təşkilatları Forumu 95 təşkilatla yaranıb. Onun ətrafında 750 qeyri-hökumət təşkilatı birləşib. İlk gündən biz də milli və dövlətçilik maraqları, o cümlədən ictimai maraqlarının müdafiə olunmasında özümüzə məxsus xidmət göstərmişik. Eyni zamanda  foruma üzv olan təşkilatlar da bu məsələlərdə hər zaman aktiv olub. Form bütün mənalarda Azərbaycan və ondan kənarda beynəlxalq tədbir, konfranslarda milli və dövlətçilik, o cümlədən ictimai maraqlar, eyni zamanda vətəndaş cəmiyyətinin maraqlarını çox yüksək səviyyədə müdafiə etməyi bacarır. Bu sahədə bizim 22 illik təcrübəmiz var. Forum dövlətin, ictimaiyyətin və milətin maraqların müdafiəsindədir. Məsələn, QHT hərəkatının yaranması, gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı bu sahədə forumun ictimai vəkilliyinin həyata keçirilməsi və QHT-hökumət münasibətinin inkişafı, QHT-lərlə sahibkarların əməkdaşlığı, bələdiyyələrlə, həmkarlar ittifaqları, media ilə vətəndaş cəmiyyətinin inkişafı və s. 
2004-cü ildə erməni zabitləri NATO təlimlərinə gəlməli idi. Forumun apardığı təbliğat nəticəsində ölkə prezidenti İlham Əliyevin də dəstəyi nəticəsində erməni zabitləri bura gəlməsin deyə NATO təlimləri burada təxirə salındı. Vətəndaş cəmiyyətinin gücü və birliyi burada da öz sözünü dedi. Ötən il sentyabrın 27-də ölkə prezidenti İlham Əliyevin əks-hücum əməliyyatlarına əmr verməsi nəticəsində 1128 QHT Qarabağ münaqişəsinin hərbi yola həll olunmasına dəstək göstərdi, 1128 QHT bu bəyanata imza atdı. Bu, böyük milli birlikdir. Xalq, dövlət, ordu və prezident həmişə bir olub. Xalq ordu vəhdətinin yaranmasında milli qeyri-hökumət təşkilatları forumu olaraq Müdafiə Nazirliyi ilə 2008-ci ildə ictimai monitorinqlərin keçirilməsiylə bağlı razılıq əldə olunub və biz təmas xəttində olan hərbi hissələrə səfərlər etdik. İctimai liderlər, millət vəkilləri, media nümayəndələri bir neçə il bu istiqamətdə xalq-ordu birliyinin yaranması, orduda müəyyən problemlərin aradan qaldırılması və orduda əldə olunmuş nailiyyətlərin xalqa təqdim olunması ilə bağlı xeyli tədbirlər gördük. Və həmin tədbirlər də öz effektini verdi. Həmin birliyin və ölkə prezidentinin apardığı milli bəşəri siyasətin nəticəsi olaraq biz böyük bir zəfər əldə elədik. Şəhidlərimizin ruhu şad olsun, qazilərimizə Allah şəfa versin. Ölkə prezidenti tərəfindən islahatlar aparılır, bu, bütün sahələrdə davam edir və hələ gedəcək də. Bu islahatlar vətəndaş cəmiyyətini də əhatə edəcək. Prezidentin sərəncamı ilə QHT-lərə dövlət dəstəyi agentliyi yaranıb və hazırda formalaşmaqdadır. Hazırda Milli QHT Forumunun, vətəndaş cəmiyyətinin vəziyyəti, qanunların təkmilləşdirilməsi, nöqsan və boşluqların aradan qaldırlması və s. kimi məsələlərin həll olunması, bununla əlaqədar olaraq vətəndaş cəmiyyətinin daha böyük inkişafına nail olunması, yeni modellərin tətbiq olunması, beynəlxalq təcrübənin tətbiq olunub və öyrədilməsi forumun özündə islahatarın aparılması müzakirə olunmaqdadır”.   
Bahar Rüstəmli
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.