2026-cı il avqustun 3-dən 6-dək Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və Kültürlerarası Ağ Dərnəyinin birgə təşkilatçılığı ilə "Sülhün coğrafiyası: Qarabağ – Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq” proqramı həyata keçirilib.
Qaynarinfo xəbər verir ki, proqram çərçivəsində Türkiyənin müxtəlif media qurumlarını və qeyri-hökumət təşkilatlarını təmsil edən 20 nəfərlik nümayəndə heyəti Azərbaycana səfər edib.
Səfərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərini yerində izləmək, "Böyük Qayıdış” proqramının nəticələri ilə tanış olmaq, Qarabağda baş verən dəyişiklikləri Türkiyə və beynəlxalq ictimaiyyətə çatdırmaq olub.
Nümayəndə heyətinin Bakıda başlayan səfəri çərçivəsində ümummilli lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarı, Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət olunub. Qonaqlar Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşərək Qarabağda aparılan yenidənqurma prosesi, regionda sülh perspektivləri və müharibədən sonrakı vəziyyət barədə müzakirələr aparıblar.
Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən məlumatlandırma toplantısında isə Azərbaycan–Türkiyə əməkdaşlığının yeni imkanları, Zəngəzur dəhlizinin regional əhəmiyyəti və sülh prosesi müzakirə olunub.
Səfərin Qarabağ mərhələsi Ağdamdan başlayıb. Türkiyəli qonaqlar şəhərdə işğal dövrünün dağıntıları, bərpa olunan Ağdam Cümə məscidi, yeni yaşayış əraziləri və Ağdam Sənaye Parkı ilə tanış olublar. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nümayəndələri ərazilərin minalardan təmizlənməsi, təhlükəsiz məskunlaşma və geri qayıdan sakinlərin müdafiəsi barədə məlumat veriblər.
Heyət üzvləri Ağdama qayıdan ailələrlə görüşərək onların doğma yurda dönüş təəssüratlarını dinləyiblər.
Nümayəndə heyəti daha sonra Xankəndi, Şuşa və Laçına səfər edib. Xankəndidə həyata keçirilən infrastruktur layihələri və tikinti işləri ilə tanış olan qonaqlar Şuşada Cıdır düzü, Şuşa qalası, Yuxarı Gövhər ağa məscidi, Molla Pənah Vaqifin məqbərəsi və digər tarixi məkanları ziyarət ediblər.
Laçında isə Zabux və Sus yaşayış məntəqələrində aparılan quruculuq işləri, yeni yollar, enerji infrastrukturu və sakinlərin geri dönüşü ilə bağlı layihələr nəzərdən keçirilib.
Səfərin yekununda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində toplantı keçirilib. Görüşdə Qarabağda bərpa prosesi, Zəngəzur dəhlizinin geosiyasi və iqtisadi əhəmiyyəti, Azərbaycan–Türkiyə əməkdaşlığı və səfər zamanı əldə olunan müşahidələrin mediada işıqlandırılması məsələləri müzakirə olunub.
İclasın sonunda heyət üzvlərinin ortaq mövqeyini əks etdirən "Zəfərdən sülhə” yekun bəyanatı təqdim edilib.
Proqram çərçivəsində Türkiyəli jurnalistlər və ictimaiyyət nümayəndələri Qarabağda dağıntıdan dirçəlişə keçidi, minalardan təmizləmə prosesini, yeni yaşayış məhəllələrinin və sosial infrastrukturun qurulmasını yerində müşahidə ediblər.
Təşkilatçıların fikrincə, belə səfərlər Azərbaycan–Türkiyə media əlaqələrinin güclənməsinə, Qarabağda aparılan quruculuq işlərinin beynəlxalq auditoriyaya daha dolğun çatdırılmasına və regionda formalaşan sülh gündəliyinin təqdim edilməsinə töhfə verir.
Şərhlər