Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın yeni seçilmiş prezidenti Karol Navrotski ilə səmərəli əməkdaşlıq gözlədiyini bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Zelenski X sosial şəbəkəsində paylaşım edib.
Zelenski, Navrotskinin prezident seçkilərində qələbə qazanması münasibətilə onu təbrik edərək, qeyd edib:
"Milli ruhunu və ədalətə inamını qoruyub saxlayan Polşa, regional və ümumavropa təhlükəsizliyinin dayağı olub və olaraq qalır. Polşa hər bir xalq üçün azadlıq və ləyaqəti müdafiə edən güclü səsdir".
Bu kontekstdə, Ukrayna lideri Polşanın yeni prezidentindən gözləntilərini də ifadə edib:
"Bir-birimizi möhkəmləndirərək, qitəmizdə daha böyük güc yaradırıq və Avropaya qlobal rəqabətdə üstünlük qazandırırıq. Bu, həm də real və uzunmüddətli sülhə doğru irəliləyişi yaxınlaşdırır. Polşa ilə və şəxsən cənab prezidentlə daimi səmərəli əməkdaşlığa ümid edirəm".
Qeyd edək ki, 1 iyun tarixində keçirilmiş prezident seçkilərinin ikinci turunda Polşanın Milli Yaddaş İnstitutunun direktoru Karol Navrotski qalib gəlib. 100% səslərin hesablanmasına əsasən, Navrotski 50,89%, onun rəqibi, Varşava meri Rafal Tşaskovski isə 49,11% səs toplayıb.
Karol Navrotski ənənəvi dəyərlərin tərəfdarı, Avropa İttifaqının təsirinin məhdudlaşdırılmasını və Ukraynanın NATO-ya ehtiyatlı şəkildə qəbul olunmasını müdafiə edən konservativ tarixçidir. Onun prezidentliyə namizədliyini müxalif "Hüquq və Ədalət" partiyası dəstəkləmişdi.
Alpər
Şərhlər