Dünya 15:39 19.08.2022

Zelenski Putinlə danışıqlardan imtina etdi

Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vasitəsilə Ukraynaya göndərdiyi danışıqlara hazırlıq siqnalı anlayışla qarşılanmayıb.

Zelenski Lvovda Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşlə üçtərəfli görüşdən sonra deyib ki, Rusiya qoşunları Ukraynanı tərk etməyənə qədər Rusiya ilə danışıqlar mümkün deyil.

Zelenskinin sözlərinə görə, Rusiya prezidentinə etibar etmək olmaz və o, bu barədə avqustun 5-də Soçidə Putinlə görüşən Ərdoğana danışıb.

"Onların sülhə hazır olmalarına çox təəccüblənirəm, - Zelenski deyib. - Şəhərlərimizi və mülki infrastrukturu qanadlı raketlərlə hər gün bombalayan insanlar sülh istəyə bilməz. Ona görə də düşünürəm ki, əvvəlcə ərazilərimizi azad etməlidirlər”.

Rusiya ilə baş vasitəçi rolunu üzərinə götürən Ərdoğanın sözlərinə görə, həm Zelenski, həm də Quterreş Ukraynadakı müharibənin danışıqlar masası arxasında dayandırılması ilə bağlı razılığa gəliblər.

"Əsas məsələ yolu müəyyən etməkdir”, - Ərdoğan vurğulayıb. Quterreş nümayəndə heyətinin üzvü Farhan Haq öz növbəsində etiraf edib ki, Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı Kiyev və Moskva arasında danışıqlar hələ çox uzaqdadır.

Putinin Zelenski ilə birbaşa dialoqa hazır olduğunu bildirməsi faktı cümə axşamı "CNN Türk" telekanalı mənbələrə istinadən xəbər verib. Onların sözlərinə görə, Putindən siqnal iki həftə əvvəl Ərdoğanla görüş zamanı səslənib.

Əvvəllər Rusiya tərəfinin mövqeyi ondan ibarət idi ki, prezidentlər münaqişənin mümkün nizamlanmasına dair "yol xəritəsi” artıq hazır olanda görüşməlidirlər, onun işlənməsini danışıqları aparan qruplar etməli idi. İndi Putin sülh sazişinin konturlarını müzakirə etmək üçün Zelenski ilə şəxsən görüşməyə və yalnız bundan sonra onu öyrənilməsi üçün diplomatlara verməyə hazırdır, - "CNN Türk" mənbələri bildirib.

Eyni zamanda, mümkün atəşkəslə bağlı danışıqlar perspektivinin Zelenskinin Ərdoğan və Quterreşlə görüşündə reaksiyasından asılı olduğu vurğulanıb.

Nizami Bağırov