Xəbər lenti

Zelenskinin Putinə telefon zəngi: Kremlin sahibi əhatə dairəsi xaricindədir
Siyasət08:27 30.05.2022

Zelenskinin Putinə telefon zəngi: Kremlin sahibi əhatə dairəsi xaricindədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna və Rusiya arasında müharibəni dayandırmaq, tərəfləri barışdırmaq səyləri davam edir.  Qeyd edək ki, müharibənin ilk günlərində Ankaranın bu istiqamətdə atdığı addımlar müəyyən müsbət nəticə verdi. Kiyev və Moskvadan olan nümayəndələr Türkiyənin təşəbbüsü ilə bir neçə dəfə görüşdü. Bu görüşlərin nəticəsi olaraq tərəflər arasında bir sıra razılıqlar da əldə olundu. 
Ukrayna və Rusiya xarici işlər nazirlərinin Türkiyədə baş tutan görüşü sülh üçün şans verirdi. Lakin növbəti mərhələdə bu proses donduruldu. Tərəflər indi danışıqlara deyil, döyüşlərdə mövqe tutmaq uğrunda mübarizəyə daha çox önəm verir. 
Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşmək barədə səslənən çoxsaylı təkliflərdən imtina edir. Belə bir ərəfədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən təşəbbüsü ələ alaraq, yeni təkliflə çıxış edib. Ərdoğan Zelenski və Putini birgə video-konfrans keçirməyə dəvət edib. 
Məlumatlara görə, Ukrayna Ərdoğanın təklifinə ilkin razılıq verib. Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov vurğulayıb ki, Kiyev danışıqlar formatını nəzərdən keçirməyə hazırdır. Moskva isə susur. Beləliklə, top Kremldədir. Putin isə təklifə cavab verməyə tələsmir. Kremlin gözləntiləri nədən ibarətdir?
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Əlimusa İbrahimovun fikrincə, Kremlin hədəfi danışıqlar masasına oturmaq deyil. Moskva Donbası tam ələ keçirmək niyyətindədir. Məhz bundan sonra Putin Zelenski ilə görüşə razılıq verə bilər:
"Bundan öncə də Türkiyə Ukrayna və Rusiya prezidentlərinin görüşünü təşkil etmək təşəbbüsündə bulunmuşdu. Lakin Antalyada iki ölkə xarici işlər nazirləri arasında baş tutan görüşdən sonra cərəyan edən hadisələr Zelenski ilə Putin arasındakı görüşü mümkünsüz etdi. Sonra elə cəbhə xəttində vəziyyət gərginləşdi və danışıqlara ehtiyac qalmadı. 
İndi də vəziyyət ürəkaçan deyil. Məsələ ondadır ki, hər iki tərəf cəbhədə çoxsaylı itkilər verib. Moskva müəyyən mənada istədiyinə nail olub. Cəbhədə müəyyən qədər uğur qazana bilib. Donbas demək olar Rusiyanın nəzarəti altındadır. Bu mənada keçmişlə müqayisədə hazırda Zelenski ilə Putinin görüşmək ehtimalı daha yüksəkdir. Lakin telefon danışıqları ilə Moskva və Kiyev sülh barədə razılığa gələ bilməzlər.Tərəflər sadəcə atəşkəsin elan olunması yolunda ilkin razılıq əldə edə bilərlər. İki liderin üzbəüz görüşməsi vacibdir”.
Rüfət Sultan