
“Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi son hərracda da böyük maraq və rəqabət müşahidə olunub”.
Bu fikirləri Qaynarinfo.Az-a komitənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilov bildirib.
Qurum rəsmisi qeyd edib ki, bu gün hərracda ümumilikdə 24 dövlət əmlakı, o cümlədən Ucar və Yevlax pambıq zavodlarının səhmləri satılıb.
Bu hərracın nəticələrinə görə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 1,1 milyon manat vəsait büdcəyə köçürüləcək.
Digər səhmdar cəmiyyətləri isə quşçuluq, toxuculuq, tikinti, nəqliyyat və təmir sahəsinə aid olub. Bu müəssisələr Ağstafa, Ağcabədi, Yevlax, Ucar və digər regionlarda yerləşir.
Özəlləşdirilmiş 14 kiçik dövlət müəssisə və obyektlərinin 10-u Bakıda, 4-ü isə respublikanın digər şəhər və rayonlarında (Sumqayıt, Abşeron, Ağdaş və Şəki) yerləşən obyektlərdir. Kiçik dövlət əmlaklarının 11-i ticarət sahəsinə, 1-i ictimai iaşə, 2-si isə xidmət sahəsinə aid olub.
Qeyd edək ki, 14 və 20 sentyabrda keçirilmiş hər iki açıq hərrac üzrə bütövlükdə 60 dövlət əmlakı özəlləşdirilib. Ümumilikdə isə hər iki hərracın nəticələrinə əsasən 2,9 milyon vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin ediləcəkdir.
Azərbaycanda dövlət əmlaklarının özəlləşdirilməsi səmərə verəcəkmi?
İqtisadçı ekspert Bəkir Nərimanoğlu bununla bağlı Qaynarinfo.az saytına danışıb.
O bildirib ki, dövlət əmlaklarının hərraca çıxarılması özlüyündə müsbət addımdır: "Düzdür, bu bir qədər geçikmiş addımdır. Bu özəlləşdirmə prosesi çoxdan olmalı idi. Neftin qiymətinin aşağı düşməsi, inflayasiyanın başlanması gözlənilməli deyildi. İşlək vəziyyətdə olmyan obyektlər vaxtında istifadəyə verilsə idi, əlavə gəlir gətirərdi və bu gün neftin qiymətinin düşməsi nəticəsində yaranan bphranın təsirləri az hiss olunardı".
Ekspert bildirib ki, satılan obyektlərin gələcək fəaliyyətini görmədən səmərilikdən danışmaq mümkün deyil: "Önəmli məsələ şəffaflıq məsələsidir. İndiyə qədərki təcrübə göstərir ki, özəlləşdirilən şirkətlər sonradan hansısa oliqarxın əlinə keçib, səmərəsiz qalıb".
Bəkir Nərimanoğlu deyib ki, burada önəmli məsələlərdən biri də xarici investorların prosesə cəlb olunmasıdır: "Xarici investorların da bir çox tələbləri var: məhkəmələrin müstəqilliyinin, qanunlarının işləkliyinin və uyğun verği siyasətinin olması. Hazırda ölkəyə xarici valyuta lazımdır, bu, həmin özəlləşdirmə vasitəsi ilə ölkəyə daxil ola bilər. Bundan başqa da həmin xarici investorlar ölkəyə xarici idarəetməni, xarici işqurma mədəniyyətini gətirər. Üstəlik xarici bazarları bildikləri üçün mallarını xarici bazara çıxara bilərlər".
Qızılgül