"Zəngəzur dəhlizi regionun iqtisadi inkişafında yeni səhifə açacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, Zəngəzur dəhlizi artıq reallaşmaqdadır:
"Zəngəzur dəhlizinin reallaşması bütövlükdə Türk dünyasını birləşdirən bir layihədir. Praktik olaraq bu dəhlizin istifadəyə verilməsi Türk dünyasının quru nəqliyyat vasitəsilə birləşməsinə imkan yaradacaq. Bu, Avropa ilə Asiyanın yaxınlaşmasına, həmçinin bölgə üzərindən daha çox yükdaşımanın həyata keçirilməsinə şərait yaradacaq”.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycan üçün həm siyasi, həm strateji, həm də iqtisadi əhəmiyyət daşıyır:
"Nəticə etibarilə bu, Azərbaycan üzərindən daşınan yüklərin həcminin artmasına səbəb olacaq. Azərbaycanın beynəlxalq yükdaşımalarından əldə etdiyi gəlirlər yüksələcək. Çünki Zəngəzur dəhlizi Şimal–Cənub, eləcə də Qərb–Şərq nəqliyyat dəhlizlərinə inteqrasiya olunacaq. Bu isə daha çox yükün daşınması deməkdir. Eyni zamanda, Zəngəzur dəhlizi Naxçıvanda fəaliyyət göstərən sahibkarların məhsullarını daha asan və az xərclə Azərbaycanın əsas ərazisinə çatdırmasına imkan verəcək. Bu, Naxçıvanın inkişafı, blokadadan çıxması və sahibkarlar üçün daha geniş bazarlara çıxış imkanı deməkdir.”
Deputat qeyd edib ki, dəhliz bütövlükdə regionun inkişafına da mühüm töhfə verəcək:
"Azərbaycan–Ermənistan iqtisadi əlaqələrinin bərpası müzakirə edilən və gözlənilən məsələlərdəndir. Bu baxımdan, layihə regionun inkişafına mühüm töhfə verəcək. Eyni zamanda, ABŞ-ın investisiyalarının həm Azərbaycan, həm də Ermənistan iqtisadiyyatına yönəldilməsi gözlənilir. Bu, regiona daha çox sərmayə cəlb edilməsi deməkdir”.
Vüqar Bayramov əlavə edib ki, Zəngəzur dəhlizi bütövlükdə Qafqaza, xüsusən Azərbaycanın qeyri-neft sektoruna daha çox xarici sərmayə cəlb edilməsinə şərait yaradacaq:
"Bu baxımdan Zəngəzur dəhlizi birmənalı şəkildə həm ölkəmizin, həm də regionun iqtisadi inkişafına töhfə verəcək. O, türk dövlətləri arasında ticarət dövriyyəsinin artmasına, eləcə də Azərbaycan–Türkiyə iqtisadi və ticari əlaqələrinin dərinləşməsinə, iki ölkə arasında müəyyənləşdirilmiş 15 milyard dollarlıq xarici ticarət hədəfinə nail olunmasına imkan yaradacaq”.
Bahar Rüstəmli
Şərhlər