"Ya həqiqətən də gerçək hücum cəhdi olub, ya da ki, təlim prosesidir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə İranın paytaxtında hava hücumuna qarşı həyəcan siqnalının işə düşməsi və Türkiyə təyyarəsinin Bakıya enməsindən danışarkən deyib. Politoloq bunun İran üçün gözlənilən olduğunu qeyd edib:
"Çünki hamı bilir ki, İsrail həmişə təxribata hazırlaşır. İsrail çalışır Amerikanı İranla müharibəyə sövq eləsin. Özünün Amerika ilə müttəfiqliyindən istifadə edib həmişə təhrik edir ki, Amerika İrana hücum eləsin. Və İrana qarşı daima təxribatlar törədir. İranın daxilində məşhur alimləri öldürür, bu da ola bilsin ki, hansısa İsrail təxribatıdır".
Zərdüşt Əlizadə bildirib ki, İranın düşmənləri çoxdur:
"Nə baş verib, necə baş verib onu dəqiq bilmirik. Amma həyəcan işarələrinin səslənməsi, xalqın sığınacaqlara qaçması o zaman ola bilər ki, ya hava hücumu müdafiə sistemi işləyib, ya da mülki müdafiə təlimləri keçirilib. Çamaat bilsin ki, əgər havadan hücum olsa, harada gizlənsinlər, vəssalam".
Qeyd edək ki, yanvarın 29-dan 30-na keçən gecə İranın paytaxtında hava hücumuna qarşı həyəcan siqnalı işə düşüb. Nəticədə əhalinin sığınacaqlara qaçdığı bildirilir.
Tehranda həyəcan siqnalının işə düşdüyü dəqiqələrdə Türkiyənin "Turkish Airlines” hava yolları şirkətinin İstanbuldan Tehrana uçan TK874 bort nişanlı sərnişin təyyarəsi kursu dəyişib və Bakıya istiqamət alıb. Təyyarə yerli vaxtla saat 00.05-də Tehrana enməli olsa da, şəhərin üstündə bir neçə dövrə vurduqdan sonra kursu dəyişib və Heydər Əliyev Bakı Beynəlxalq Aerportuna enib.
Bahar Rüstəmli