Xəbər lenti

Üzeyir Məmmədlidən xəbər var
Siyasət12:21 24.09.2014

Üzeyir Məmmədlidən xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Media forum” saytı Bakı İstintaq Təcridxanasında saxlanan “Nida”çı məhbus Üzeyir Məmmədlinin vəziyyəti ilə maraqlanıb.

Bibisi İradə Məmmədli deyib ki, Üzeyirlə hər həftə görüşür: “Pis deyil. Bəzən rahatsızlığı olur, bu da həbs şəraitində normal haldır. Üzeyir səhhətində yaranan problemləri heç vaxt qabartmaq istəməyib. Həkim müayinə edir. Əhvalı yaxşıdır, depressiyada deyil. Kitablar, qəzetlər oxuyur, ictimai-siyasi hadisələrlə maraqlana bilir.

Üzeyirin valideynləri Bərdə rayonunda yaşayır. Hər dəfə onların Bakıya gəlib-getməsi mümkün olmur. Etibarnamə alıb ona mütəmadi baş çəkirəm. Üzeyirin dostlarını, xüsusən “Nida”çı gəncləri onunla görüşməyə qoymurlar. Əlavə problemin olmaması üçün təcridxananın şərtlərinə dözürük. Orada bizə normal münasibət var.

İndiki şərtlərdə Üzeyirin tezliklə azadlığa çıxacağına ümidim yoxdur. Ümidi daha çox kənardan gözləyirik, nəinki içəridən. Hələ ki, ümidverici hal yoxdur. Bu haqsızlıqla barışmaq çox çətindir. Amma dözmək məcburiyyətindəyik, başqa əlacımız yoxdur. Üzeyir əsla təəssüf hissi keçirtmir. Hətta onun yanında nəyisə təəssüflə danışmağımıza belə imkan vermir”.

Üzeyir Məmmədli ötən ilin mart-aprel aylarında 7 “Nida”çı gənclə həbs olunub. Onlar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 may hökmünə görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Bu il mayın 6-da Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il həbs cəzası verilib.

Üzeyir Məmmədli 1987-ci ildə Bərdə rayonunda doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Subaydır.

Qaynar.info