Zeynəb Xanlarovanın köməkçisi Mələk Bayramova xalq artisti, millət vəkili Zeynəb Xanlarova ilə Türkiyə vətəndaşı Seyfi Azərioğlu arasında qalmaqal yaşanması barədə bəzi KİV-də yayılan məlumatlara qısa münasibət bildirib.
O, Publika.Az-a açıqlamasında bu cür məlumatlardan xəbərsiz olduğunu söyləyib. M.Bayramova deyib: “Mən Zeynəb xanımın Milli Məclisdə köməkçisiyəm, ancaq Zeynəb xanımın bu kim işlərlə şəxsi köməkçisi olan Maral Hüseynova məşğul olur. Ona görə də mənim heç nədən xəbərim yoxdur. Hətta, bildiyimə görə, Zeynəb xanım indi Londonda istirahət edir”.
Xatırladaq ki, məlumata əsasən, bu ilin əvvəlində Z.Xanlarovanın dəvəti ilə ölkəmizə gələn Türkiyə vətəndaşı Seyfi Azərioğlu ilə Xalq artisti arasında qalmaqal yaranıb. Qalmaqal Z.Xanlarovanın Amerikada planlaşdırılan konsertlərinin xalq artistinə viza verilməməsi səbəbindən baş tutmamasından sonra ortaya çıxıb.
Hazırda hər iki tərəf bir-birini işgüzar nüfuzuna ziyan vurmaqda ittiham edərək bunun müqabilində dəymiş ziyana görə təzminat tələb edir.İzmir şəhərindəki Azərbaycan Kültür Dərnəyinin rəhbəri olan Seyfi Suhrab oğlu Azərioğlu məhkəmə materiallarını AzNews.az-a təqdim edib. Bildirib ki, Səbail rayon Məhkəməsinin hakimi Elşad Şamayevə qarşılıqlı iddia ərizəsi ilə müraciət edib.
Cavabdeh tərəf kimi Maral Hüseynovanın adının çəkildiyi iddia ərizəsində xalq artisti, millət vəkili Zeynəb Xanlarova və vəkil Aslan İsmayılovun da adı çəkilir. Qeyd edək ki, ərizədə adı çəkilən Hüseynova Maral Yunis qızı iddiaçı qismində bu il mayın 16-da Səbail rayon Məhkəməsinə müraciət edərək, Seyfi Azərioğlunun “Xidmət göstərilməsinə dair” 25 yanvar 2013-cü il tarixli Müqavilə üzrə öhdəliklərimi icra etmədiyi üçün maddi zərərin əvəzi kimi 162.000 ABŞ dolları və 230 manat, mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnaməni çıxarılmasının xahiş edib. Həmin 2(009)-1473/2013 saylı mülki iş hal-hazırda hakim Elşad Samayevin icraatındadır.