Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə"nin ilk yoxlama oyununun tarixi açıqlanıb.
Qaynarinfo xəbər verir ki, "qartallar" Rumıniyanın Birinci Liqasında çıxış edən "Hermanştadt"la qarşışalacaq. İyunun 29-da keçiriləcək görüşün başlama saatı bəlli deyil.
Paytaxt təmsilçisi 2 həftəlik toplanış dövründə ümumilikdə, 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Digər rəqibin kimliyi hələlik bilinmir.
"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrail təmsilçisi "Makkabi" (Təl-Əviv) ilə qarşılaşacaq. Komandalar arasında ilk görüş iyulun 21-də Bakıda "Dalğa Arena"da oynanılacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.
İyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda təşkil olunacaq cavab oyunu isə Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.
Səbuhi Həsənov