Xəbər lenti

Ziya Məmmədov Hacıbala Abutalıbova qarşı
Ekonomiks07:01 14.11.2014

Ziya Məmmədov Hacıbala Abutalıbova qarşı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəqliyyat naziri parkomatları nəzarətinə keçirmək üçün Bakı merinə hücuma keçib

Bu ilin aprelin 13-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  dövlət başçısı Bakının küçə və prospektlərindəki qanunsuz parkinq məsələsi ilə bağlı iradını bildirmişdi.

Dövlət başçısının iradından sonra sözügedən sahədəki problemlərin aradan qaldırılması üçün müvafiq addımlar atılıb. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın küçə və prospektlərində yol kənarında avtomobillərin qanunsuz saxlanılmasına qarşı tədbirlər görülməsi məqsədi ilə “Bakı şəhərində avtodayanacaqların təşkili haqqında” sərəncam qəbul edilib.

Sərəncama müvafiq olaraq Bakıda parkomatlar yaradıldı. Amma deyəsən bu addım nəqliyyat naziri Ziya Məmmədovun ürəyincə olmayıb. Çünki Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov parkomatların nəqliyyatın fəaliyyətinə maneə yaratdığını iddia edib. “Paytaxtda ödənişli müvəqqəti duracaqlarda avtomobillərin saxlanmasına görə ödəniş həyata keçirilən parkomatlar nəqliyyat vasitələrinin fəaliyyətinə böyük maneə törədir. Bu qurğular nəqliyyatın hərəkətini mümkünsüz edir",- deyə o, APA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, əsas çətinlik avtobuslar üçün nəzərdə tutulan cibliklərlə bağlıdır: “Nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş cibliklər mövcuddur. Lakin onların yerində mülki avtomobillər dayanır. Həmçinin avtobuslara, taksilərə imkan verilməməsi, parklanma ilə bağlı böyük çətinliklər yaşanır. Parkomatların ucbatından parklanan nəqliyyat vasitələri az qala avtobusların içinə girir. Onların fəaliyyətinə imkan vermir”.

Ə. Cəfərov qeyd edib ki, bununla bağlı quruma xeyli sayda şikayətlər daxil olub. O, deyib ki, yaxın zamanda Bakı şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyinin müvafiq qurumu və Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ilə birgə müzakirələr aparılacaq.

Paytaxtda parklanma aparılması üçün nəzərdə tutulmuş ərazilərin siyahısının Bakı şəhər İcra Hakimiyyətinə təqdim olunduğunu deyən rəis müavini bildirib ki, avtobus dayanacağı ilə qurğruların ara məsafəsi 40-50 metr göstərilsə də, parkomatlar dayanacaqlardan 5-6 metr məsafədə qoyulub.

Qeyd edək ki, paytaxtda parkomatların quraşdırılmasını Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir. Beləliklə də faktiki olaraq Bakı meri Hacıbala Abutalıbovun fəaliyyəti tənqid olunub.

Hökumətdəki mənbələrdən istiqlal.az-a verilən məlumata görə, Nəqliyyat Nazirliyinin bu mövqeyi parkomatların Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindən çıxarılması ilə bağlıdır. Yoxsa Ziya Məmmədovun  faktiki olaraq ölkə prezidenti İlham Əliyevin göstərişi ilə yaradılan bu xidmət növünə qarşı çıxmağa cəsarət etməzdi.

Mənbənin məlumatına görə, nəqliyyat naziri bu sahəni nəzarətinə keçirmək üçün Hacıbala Abutalıbovun işin öhdəsindən gələ bilmədiyi görüntüsünü yaratmağa çalışır.

Qaynar.info