Xəbər lenti

Ekonomiks 14:52 07.08.2026

"Zolotaya Korona"nın dayanması pulköçürmələrə necə təsir edəcək? (ŞƏRH)

Son günlər mediada Azərbaycandan Rusiyaya "Zolotaya Korona" ödəniş sistemi vasitəsilə pul köçürmələrinin müvəqqəti dayandırıldığı barədə məlumatlar yayılıb.  Mərkəzi Bankdan verilən açıqlamada isə qeyd olunub ki, Azərbaycandan Rusiyaya "Zolotaya Korona" ödəniş sistemi vasitəsilə pul köçürmələrinin dayandırılması ilə bağlı qərarlar banklar və ödəniş sistemləri arasında qarşılıqlı razılaşma əsasında qəbul edilir və Azərbaycan Mərkəzi Bankı (AMB) bu münasibətlərə müdaxilə etmir.
 
Bu sistem bazarda böyük paya malik idimi? Məhdudiyyət Rusiyada yaşayan və işləyən azərbaycanlıların ailələrinə pul göndərməsinə və ya əks istiqamətdə vəsait köçürülməsinə hansı təsiri göstərə bilər?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Qaynarinfo-ya bildirib ki, "Zolotaya Korona" uzun müddət Rusiya ilə Azərbaycan arasında pul köçürmələrində istifadə olunan əsas sistemlərdən biri olub.  Onun sözlərinə görə, xüsusilə Rusiyada yaşayan və çalışan azərbaycanlıların Azərbaycandakı ailələrinə vəsait göndərməsində bu cür sürətli pulköçürmə sistemləri mühüm rol oynayıb:

"Buna görə də xidmətin müvəqqəti məhdudlaşdırılması müəyyən sayda istifadəçi üçün real çətinlik yarada bilər. Əsas təsir Rusiyada yaşayan azərbaycanlıların Azərbaycana pul göndərməsi zamanı özünü göstərə bilər. Əgər köçürmələr tamamilə dayandırılarsa, insanlar alternativ bank kanallarından və digər pulköçürmə sistemlərindən istifadə etməli olacaqlar. Bu isə bəzi hallarda əlavə komissiya, daha uzun əməliyyat müddəti və valyuta çevrilməsi zamanı əlavə xərc yarada bilər”.

Akif Nəsirli əks istiqamətdə, yəni Azərbaycandan Rusiyaya vəsait göndərən şəxslər üçün də müəyyən məhdudiyyətlər yarana biləcəyini də istisna etməyib:

"Xüsusilə Rusiyada təhsil alan, yaşayan və ya müxtəlif maliyyə öhdəlikləri olan Azərbaycan vətəndaşları alternativ kanallara keçməli olacaqlar”.
 


Ekspertin sözlərinə görə, burada mühüm məsələ "Zolotaya Korona” sisteminin Azərbaycanda fəaliyyətinin tam dayandırılması, yoxsa ayrı-ayrı bankların və ödəniş təşkilatlarının Rusiya istiqamətində əməliyyatları müvəqqəti məhdudlaşdırması olmasıdır:

"AMB-nin açıqlamasından görünür ki, konkret qərarlar banklar və ödəniş sistemləri arasında qarşılıqlı razılaşmalar əsasında qəbul edilir və Mərkəzi Bank bu münasibətlərə birbaşa müdaxilə etmir”.

Həmsöhbətimiz əlavə edib ki, məhdudiyyət uzun müddət davam edərsə, bazarda alternativ pulköçürmə kanallarına tələbat artacaq:

"Bu isə komissiyaların yüksəlməsi və köçürmələrin həyata keçirilmə müddətinin uzanması ilə nəticələnə bilər. Lakin rəqabət imkanları qorunarsa, digər bank və ödəniş sistemlərinin bu boşluğu doldurması mümkündür. Ümumilikdə, söhbət ilk növbədə adi vətəndaşların gündəlik pulköçürmələrinə təsir edə biləcək texniki-maliyyə məhdudiyyətindən gedir. Bunun genişmiqyaslı maliyyə böhranına çevrilməsi üçün isə daha ciddi və uzunmüddətli məhdudiyyətlərin tətbiqi lazımdır”.
 
Günay İlqarqızı

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->