Qaynarinfo yazıçı Fəxri Uğurlu ilə müsahibəni təqim edir.
- Fəxri müəllim, şair və alim Ağa Laçınlının övladı olmaq sizə hansı üstünlükləri verib?
- Əlbəttə, ədəbiyyatçı ailəsində göz açmaq söz sənətiylə məşğul olan hər kəs üçün bir şansdır. Bunu biz özümüz seçmirik, ancaq sözə-sənətə münasibətimiz, ədəbiyyata sevgili, yoxsa məşuqə kimi yanaşmağımız özümüzdən asılıdır. Bizim evimizdə də mikromühit vardı, dünya mədəniyyəti kitabların arasında kasıb daxmamıza qonaq gəlirdi. Mən o kitablara, başqasının gözüylə yox, məhz öz gözlərimlə silahlanıb dalmasaydım, kitablar mənə fayda verməzdi. Leylini sevən də, bəyənən də çoxuydu, ancaq onlardan heç biri Məcnun olmadı, heç biri Leyliyə Məcnunun gözüylə baxa bilmədi. Hər oxuyan da Molla Pənah olmur, bilirsən. "Tanrı dağları” silsiləsindən "Fərhadın Xosrovu öldürməsi” adlı hekayəmin əvvəlində mən bu məsələni çözməyə çalışmışam. Həmin iki abzası olduğu kimi diqqətinə çatdırmaq istəyirəm:
"Fərhad Bağıstan dağlarının o tayına yol açırdı. Yaz otuyla seyrək-seyrək tüklənmiş dağları yun kimi didirdi, minillik köklü qayaları külüngünə keçirib saman çöpü kimi qırağa atırdı, daş-torpağı toz kimi üfürüb yolundan qıraq eləyirdi. Gendən baxıb görənlər Fərhadın gücünə dastan qoşub mahnı bəstələyirdilər, o dastanlar, mahnılar Mədaini ev-ev gəzib bütün İrana, İrandan Arana, Arandan Turana, Turandan Çinə yayılırdı, adamlar dəstə-dəstə Bağıstan dağlarının ətəyinə axışıb Fərhadın tamaşasına dururdular.
Düzünə qalanda Fərhad onların düşündüyü, gördüyü qədər də güclü deyildi. İşə başlamamışdan o, üç gün-üç gecə kirpik çalmadan, nəfəs dərmədən Bağıstanla üz-üzə, göz-gözə oturub dağları hala gətirmişdi, Çində öyrəndiyi fəndlə dağları yuvasından, qayaları qəfəsindən çağırıb çıxarıb daşın-torpağın çəkisini almışdı. Ayağından baxanda başı görünməyən dağlar Fərhadın hüzurunda qolubağlı dayanmışdı. O dağlara o gözlə baxmayan kimsə o yüngüllüyü duymazdı”.
Bəli, o möcüzəni görmək üçün o gözlə baxa bilməlisən. Bax bu məsələdə heç bir ata, heç bir mühit adamın dadına çata bilməz. Ruhlar aləmində oğul atadan, ata oğuldan xəbərsizdir. Evində minlərlə kitab olan, ancaq o kitabların içini-içəriyini, Buddanın sözüylə desəm, qaşıq yeməyin dadını bildiyindən artıq bilməyən azmı adam görmüsən? Quranda da hökmlərin, tövsiyələrin ardınca ara-sıra belə bir ayə gətirilir: "Amma əgər Allah bunu istəməsə, siz də istəyə bilməzsiniz”. Mən bu kimi ayələri bir az fərqli yozuram: yəni sənin ruhun, sənin qəlbin, sənin allahın filan məsələyə münasibətdə iradəsini ortaya qoymasa, o məsələyə sənə "şah damarından da yaxın olan”, yəni ÖZün olan daxili MƏNinin gözüylə baxmasan, istəməyinin, baxmağının, görməyinin faydası olmayacaq, eləcə başqalarını yamsılayacaqsan.
- Ümumiyyətlə, Ağa müəllim necə insan idi? Həyatda heç vaxt görməsəm də, elə bilirəm sadə, sakit insan olub. Necə xarakterizə edərdiniz Ağa müəllimi?
- Bəli, həm sadə, həm dinc adamıydı, ancaq coşanda üzünü görməyəydin. Ədalətsizlik, haqsızlıq onu özündən tez çıxarırdı. Hamını dürüst, səmimi görmək istəyirdi, görməyəndə qırağında böyüdüyü dağ çayı kimi kükrəyib yatağından daşırdı, qəzəbindən qabını çatladırdı. Sənə bir söz deyim: qəzəbi kinlə, nifrətlə qarışdırmaq olmaz. Qəzəb ilahi sifətdir, kin, nifrət isə insanın heyvani təbiətinin qaranlıqlarından doğan kimyəvi reaksiyalardır. "Allahın qəzəbinə gələsən” ifadəsini çox eşitmişik; heç eşitmisənmi "Allahın nifrətinə gələsən”, yainki "Allahın kini üstündən əskik olmasın” desinlər?..
- İlk qələm təcrübələrinizi bölüşəndə iradları-filan olurdumu? Necə qarşılayırdı yazdıqlarınızı?
- İradları olurdu, ancaq təmkinlə qarşılayırdı. Mən atamdan çox öyrənsəm də, onunla polemika şəraitində böyümüşəm, bir çox məqamda ona müxalif olmuşam. Platon mənimkimilərə "anasını əməndə təpikləyən dayça” deyirdi. Mən estetik dəyərlər sorağında ifrata varanda atam məni sadə yazmağa çağırırdı. O vaxt belə çağırışlar başıma batmırdı, sonralar özüm yavaş-yavaş durulmağa başladım. Ta uşaqlığımdan atamın ilk oxucusu olmuşam, onu haqlı-haqsız tənqid eləmişəm, bəzən də lap sərt tənqid eləmişəm. İndi o sözlərin çoxunu deməzdim, baxıram ki, gəncliyimdə atamın yaradıcılığına insafsız yanaşmam az olmayıb. Ürəyində bilmərəm, üzdə məndən incimirdi. Ədəbi məsələlərdə atam mənə çox inanırdı, hətta deyərdim ki, etiqad eləyirdi.
Bir neçə il bundan qabaq atamın seçilmiş əsərlərini tərtib eləyəndə bütün kitablarını yenidən oxudum. İstərdim səmimiyyətimə inanasan, böyük bir məktəb keçmiş kimi oldum.
- Sizin kimi yaradıcılıqla məşğul olan başqa şair-yazıçı övladları da var. Xüsusilə Anar və Elçin haqqında deyilir ki, atalarının hesabına ədəbiyyata gəliblər. Elə bu günlərdə Seymur Baycan da belə demişdi: Elçinin heç bir istedadı olmasa da, atasının hesabına ədəbiyyata gəlib. Bu cür fikirlərə münasibətiniz maraqlıdır.
- Seymurun fikri nadan fikirdir, daha doğrusu, heç fikir deyil. Sənin yerinə olsaydım, mənlə söhbətdə Seymur kimi ortadan da aşağı bir ədəbiyyat adamından sitat gətirməzdim. Nə Anar Rəsul Rzadan, nə Elçin İlyas Əfəndiyevdən geri qalan yazıçıdır, hətta şübhəm yoxdur ki, hər ikisi atasından üstündür (hər iki klassikin yaradıcılığına dərin hörmət bəslədiyimə baxmayaraq). İsa Hüseynov, Sabir Əhmədov, Çingiz Hüseynov, Əkrəm Əylisli, Anar, Elçin, İsi Məlikzadə, Yusif Səmədoğlu, Mövlud Süleymanlı... Bunlar ötən əsrin 60-70-ci illərində Azərbaycan nəsrinə yenilik gətirmiş imzalardır. Sonrakı onilliklərdə də ciddi ədəbi yeniliklər meydana çıxdı. Bu işləri görmüş yazıçılarla o şəkildə davranmaq yaramaz. Əgər elmə söykənən tənqidin, köklü iradın varsa, buyur yaz, maraqla oxuyarıq. Mən heç kimin vəkili deyiləm, ancaq gerçək ədəbiyyatın vəkilliyini eləməyə hər zaman hazıram, bu, mənim müqəddəs borcumdur. Kim Anarın, Elçinin yazıçılığına şübhəylə yanaşırsa, başqa adlar çəkmirəm, buyursun Anarın "Macal”, Elçinin "Gül dedi bülbülə” povestini oxusun, sonra gəlsin danışaq...
- Fəxri müəllim, istərdinizmi övladınız Toğrul da yaradıcılqla məşğul olsun? Ümumiyyətlə, neynir Toğrul, nə işlə məşğuldur?
- Yaşıdları nə işlə məşğuldursa, Toğrul da o işlə uğraşır. Adamların danışıq məntəqələrində kəndi sifariş verib saatlarla telefon dəstəyindən asılı qaldığı dövrün yetirmələrinin smartfon erasının böyütdüyü uşaqlarla dil tapması olduqca çətindir. Onlar bizə "Ayfon”un ucqar dağ kəndlərindəki nömrəsiz poçt telefonlarına baxdığı kimi baxırlar, bizim nəslə, bizdən də yaşlı nəslə mənsub dünya şöhrətli ixtiraçıların çağdaş texnologiyalar sahəsində cahanşümul kəşflərini mənimsəyib bizim başımıza qaxırlar, guya bu ixtiralar dünyaya, bəşəriyyətə bizim yox, onların yaşıdlarının töhfəsidir.
Qaldı Toğrula, əlbəttə, yaradıcılığa həvəsi, istedadı olsaydı, sevinərdim, ancaq hələlik belə bir meylinin olduğunu sezməmişəm. Hansı sənəti seçir seçsin, təki ürəyincə olsun. Övladların əl-ayağına dolaşmağın tərəfdarı deyiləm, bu məsələdə mənim də yolumu kəsən olmayıb.
- "Oğlum” dediyiniz bir nəfər də vardı: Mövlud. Sizcə, nə baş verdi, biz Mövludu niyə qoruya bilmədik?
- Mən Mövluddan inciyəm. Mövlud bizi satdı, fərarilik elədi. Onu sevənləri, onu yaşatmaq istəyənləri onu sevməyənlərin, onu məhv eləməyə çalışanların ayağına verdi. O faciədən bir neçə gün əvvələ qədər onunla çox söhbətim oldu, hər dəfə məni inandırdı ki, bir az da yüngülləşib, necə deyərlər, böhranlı anlar geridə qalıb. Sonra da məlum oldu ki, bizi – dostlarını aldadırmış. Mövludu yaşada bilməməyim mənim indiyə qədərki həyatımın ən böyük məğlubiyyətidir. Hələ məni kürəyimdən belə oxlayan olmamışdı...
- Fəxri müəllim, dindar deyilsiniz, bilirəm, Allaha, həyata, ölümə fərqli münasibətiniz var. Amma hər şeyi, daha doğrusu, yaxşı bədii mətnləri Allaha münasibət kontekstində şərh etməyiniz maraqlı, bəlkə də bir az qəribədir. Don Kixotun da Allaha çatmaq istədiyini, bütün cəhdlərinin məhz bununla bağlı olduğunu yazmışdınız. Yeri gəlmişkən, sizin bu baxışınızla Don Kixotla Məcnun arasında paralel də aparmaq olar. Sadəcə Servantes məsələlərə bir az ironik yanaşıb.
- Ağa, sən ki məni yaxşı tanıyırsan, mənim allahımı keşişlərin, mollaların allahıyla qarışdırma, hərçənd bütün dinlərə böyük ehtiramım var. Mən Tanrı deyəndə bir-birindən ayrılmaz olan həqiqət, gözəllik, xeyir üçlüyünün məcmusunu, yəni insan ruhunu nəzərdə tuturam. Bir də o ruhun can atdığı ucalığı. Bəli, Allah ruhumuzun dartındığı zirvələrin ən ucası, varlığın sonuncu mərtəbəsidir. İnsandan kənarda da belə bir qüvvənin olub-olmadığını biz bilmirik, bunu nə təsdiq, nə təkzib eləmək imkanımız var, idrakımıza belə bir qabiliyyət verilməyib. Ancaq insan cismində ruh adlı bir varlığın varlığına mən adım kimi əminəm, əks halda yer üzündə xeyir də olmazdı, çünki xeyirin mənbəyi ruhdur, insan təbiətində isə külli-təbiətdə olduğu kimi xeyirə yer yoxdur. Mənim xeyir-şər düsturum çox sadə, çox da praqmatikdir: xeyir odur ki, sənin özün üçün gördüyün iş başqalarına fayda verir; şər odur ki, sənin özün üçün gördüyün iş başqalarına ziyan vurur. Hər iki halda sən başqasına yox, özünə işləyirsən, ancaq iki nəticə arasında fərq yerlə göy, Allahla Şeytan arasındakı fərqə bərabərdir.
Don Kixota gəlincə, mən onun Allaha çatmaq istədiyini yazmamışam, mən onun Allahı təmsil elədiyini, Tanrının təcəllası olduğunu deməyə cəhd göstərmişəm. Allah ondan uzaqda deyil ki, Don Kixot Allaha çatmaq üçün səfərə çıxıb yol yorsun. Don Kixotun da, onun qan qardaşı Məcnunun da sərgüzəştləri Tanrının yer üzündəki ən möhtəşəm zəfər yürüşlərindəndir.
- Dünya ədəbiyyatını, fəlsəfəsini çox yaxşı bilirsiniz. Azərbaycan dilində sizin kimi yaza bilən var, ya yox, bu da ciddi müzakirə mövzusudur. Bəs nə baş verib ki, uzun illərdir heç bir bədii mətn yazmırsınız? Şərif Ağayar da bizə müsahibəsində demişdi ki, Fəxri Uğurludan sufiliklə bağlı roman gözləyirəm...
- Ağa, mən dünya ədəbiyyatını, fəlsəfəsini nəinki çox yaxşı, heç yaxşı da bilmirəm. Mən sadəcə, məlumatlı ola bilərəm, bilmək, bakılılar demiş, alayı şeydir. Mən özümü bilənlər sırasında görmürəm, lütfən bunu təvazökarlıq kimi qəbul eləmə. Şərifə də etimadına görə təşəkkürümü bildirirəm, ancaq məni illərdir pəjmürdə eləyən bir məsələ var ki, fürsətdən yararlanıb buradaca nigaranlığımı bölüşmək istəyirəm: mənim "Tanrı dağları” silsiləm əsla sufizmə illüstrasiya deyil – o sıradan hekayələrdə bu dediyimi təsdiqləyən məqamlar çoxdur. "Şeyx Sənan” adlı yazıda isə haradan gəlib hara getdiyimi açıq mətnlə bəyan eləmişəm, kim inanmırsa o hekayəni bir də oxusun. Sufiliyin zirvəsinə çatandan sonra mənim Şeyx Sənanımın üzünə daha bir qapı açılır – bu yaxında bir məqalədə obrazlı ifadə elədiyim kimi, beş qatlı varlıq evinin altıncı qatı. Başqa sözlə, sufizm ondan ötrü keçilmiş mərhələdir. Yekə çıxmasın, mən öz evimi kiminsə proyekti əsasında yox, öz layihəm əsasında qurmağa çalışmışam. O hekayələrdə ifadə olunan mətləblərin çoxu sufizmə ziddir, Platondan üzübəri yol gələn ənənəvi idealizmlə polemika zəminində yazılıb. İnanmayan bir də "İsgəndərin qanunu” hekayəsinə nəzər yetirsin. Nə yazıq ki, heç kəs bunların mahiyyətinə varmır. Bir müəllif üçün öz yazılarına vəkillik eləməkdən böyük işgəncə yoxdur.
- Yazıçı, tərcüməçi Nəriman Əbdülrəhmanlı bizə müsahibəsində demişdi ki, Azərbaycanda tərcüməçi problemindən daha çox redaktor problemi var. Ən yaxşı redaktorlardan biri kimi bu barədə nə düşünürsünüz?
- Təcrübəmə söykənib deyə bilərəm ki, Azərbaycanda həm tərcüməçi, həm redaktor, həm naşir, həm də oxucu problemi var. Bu işlər sistemli qurulmadığına görə yaxın zamanda arzulanan səviyyəyə çatacağına əmin deyiləm. Peşəkarlıq, ancaq peşəkarlıq! Sözü, sənəti xilas eləməyin ayrı yolu yoxdur.
- Bir vaxtların "Avropa”sı Azərbaycan mətbuat tarixinin ən yaxşı nümunlərindən sayılır. Baş redaktoru da siz idiniz. Fəxri müəllim, sizcə, qəzet jurnalistikasının axırı necə olacaq? Texnologiyanın hər gün artan sürətli inkişafı həm də qəzet jurnalistikası ilə vidalaşmaq deməkdirmi?
- Məncə, jurnalistikanın zirvəsi qəzet jurnalistikasıdır. Jurnalist qəzetdə yetişməli, yazı yaza bilməlidir. Sən o televiziyalarda guruldayan, şan-şöhrəti göz deşən xanımlara, bəylərə bir inşa mövzusu versən, doxsan doqquz faizi (bəlkə də az deyirəm) fikrini ifadə eləyə bilməyəcək, bir çoxunun heç ifadə eləməyə fikri də olmayacaq. Bunu hələ telejurnalistikanın indikindən xeyli abırlı, səviyyəli olduğu vaxtların təcrübəsinə söykənib deyirəm, indi yəqin vəziyyət ondan qat-qat betərdir. Texnologiya məqsəd deyil, vasitədir, texnologiyanın güclənməsi qəzetin də çap keyfiyyətinin artmasına müsbət təsir göstərir. Ancaq ilhamı, istedadı, savadı, peşəkarlığı heç bir texnologiya əvəzləyə bilməz. Qəzet jurnalistikanın təməli, özəyidir, qəzet məqaləsi yaza bilməyən adamdan jurnalist olmaz.
Ağa Cəfərli
Şərhlər