Xəbər lenti

Dünya 21:00 04.06.2025

"Pxenyanla Moskvanın siyasəti eynidir" - Ekspert

"Şoyqunun səfəri Pxenyandan hərbi sursat, raketlər və dronların növbəti paketini almaq və yenidən canlı qüvvə ilə Rusiyaya yardım etməsini xahiş etmək məqsədi daşıyır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşad Həsənov Rusiya Təhlükəsizlik Şurası katibi Sergey Şoyqunun Şimali Koreyaya gerçəkləşən növbəti səfərini şərh edərkən deyib.

"Şoyqunun Şimali Koreyaya növbəti səfəri onu göstərir ki, Rusiya Ukrayna cəhbəsində müharibə aparmaq üçün canlı qüvvə və silah baxımından hələ də korluq çəkir. Şimali Koreyadan 12 min əsgər gələrək, Kursk istiqamətində Rusiya tərəfində döyüşdü. İndi həmin ərazidə ölən koreyalıların şərəfinə abidə ucaltmağı düşünürlər. Eyni zamanda, Rusiya yenidən Şimali Koreyadan hərbi sursat, dronlar, raket almaq və onların hərbiçilərilə ruslara güc verməsini istəyir", deyə Elşad Həsənov bildirib.
 


Ekspert qeyd edib ki, Pxenyan bu dəfə də Moskvaya hərbi müstəvidə dəstək olacaq: 

"Pxenyanla Moskvanın siyasəti eynidir. Bir-birilərinə dəstək verirlər. Kim Çen In yaxın müttəfiq kimi əsgəri qüvvə və hərbi sursat baxımından Putinə kömək etməkdə davam edəcək".

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Şimali Koreya lideri Kim Çen Inlə Ukraynadakı müharibəni müzakirə etmək üçün Pxenyana səfər edib. "Reuters" agentliyinin məlumatına görə, Şoyqu artıq Şimali Koreya paytaxtına çatıb və burada Kim Çen Inlə birbaşa görüş keçirəcək. 

Əsas müzakirə mövzusu isə Ukraynadakı müharibənin gedişi və gələcək planlar olacaq. Xatırladaq ki, Şimali Koreya prezidenti Kim Çen In Ukrayna müharibəsində Rusiyanı açıq şəkildə dəstəkləyir. Pxenyan 12 minə yaxın hərbçisini Rusiyaya göndərib. Onlar da əsasən Kursk istiqamətidə Ukrayna ordusuna qarşı döyüşlərdə iştirak ediblər. Bundan başqa, KXDR 2024-cü ildə Rusiyaya 9 milyonadək artilleriya mərmisi və raket sursatı göndərib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->