26 may - 2 iyun tarixlərində "Pillə 3" Respublika Tələbə Tamaşaları festivalı keçirilir.
Qaynarinfo xəbər verir ki, gənc teatrsevərlərə peşəkar səhnə təcrübəsi qazandırmaq və teatr sənətinə marağı artırmaq məqsədilə keçirilən festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə yanaşı ölkənin müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin rol aldıqları tamaşalar nümayiş etdirilir.
Festival çərçivəsində yaddaqalan hadisələrdən biri də ADMİU tələbələrinin hazırladığı F.Skott Fitsceraldın "The Great Gatsby” əsəri əsasında ingilis dilində səhnələşdirilən tamaşa oldu. Tamaşa müsabiqədənkənar proqram çərçivəsində mayın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının A.M.Şərifzadə adına səhnəsində nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru universitetin ikinci kursunda aktyorluq təhsili alan Nihad Məmmədzadədir. Bu iş onun rejissor kimi debütüdür. Nihad Məmmədzadə eyni zamanda tamaşada Getsbini canlandırır. Aktyorluq təhsili alan Rüstəm Musayev, Mikayıl Şıxəliyevlə yanaşı tamaşada rəssamlıq fakültəsinin tələbələri Milana Həsənova, Səbinə Ələsgərova da oynayıblar. Fidan Əliyeva, Aydan Maharova, Sərtab Salmanlı, Valya Məmmədlinin iştirakı ilə xoreqraf Etibar Məmmədovun qurduğu rəqs tamaşaya xüsusi rəng qatıb.
Şərhlər