Xəbər lenti

Avtohissələrin istehsalı Avropada dayanır: Səbəb Çinlə bağlıdır
Dünya 19:52 04.06.2025

Avtohissələrin istehsalı Avropada dayanır: Səbəb Çinlə bağlıdır

Bəzi Avropa avtohissə zavodları istehsalı dayandırıb. Buna səbəb Çin Xalq Respublikasının həyati əhəmiyyətli nadir torpaq elementlərinin ixracına tətbiq etdiyi məhdudiyyətlərdir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Çinin geniş çeşiddə nadir torpaq elementlərinin ixracını dayandırmaq qərarı təchizat zəncirlərinin pozulmasına səbəb olub. Bu vəziyyət avtomobil istehsalçıları, aerokosmik sənaye müəssisələri, hərbi podratçılar və yarımkeçirici istehsalı ilə məşğul olan şirkətlərə mənfi təsir göstərib.

Hazırkı vəziyyət bir daha Çinin yaşıl enerjiyə keçid üçün vacib olan bu minerallar üzrə qlobal dominantasını və bunun Pekin üçün ABŞ-la ticarət müharibəsində təsir vasitəsi rolunu nümayiş etdirir.

Dünyada nadir torpaq elementlərinin təxminən 90%-i Çində istehsal olunur. Bu, Qərb ölkələrini narahat edir. Avropa Komissiyasının sənaye strategiyası üzrə komissarı Stefan Sejourne bildirib:

"Biz bütün ölkələrdən, xüsusilə də Çin kimi bəzi ölkələrdən asılılığımızı azaltmalıyıq. Çinlə bağlı asılılığımız bəzi hallarda 100%-i ötür".

"Mercedes-Benz" daha əvvəl bildirmişdi ki, şirkət mümkün təchizat kəsintilərinə qarşı nadir torpaq elementlərinin ehtiyatlarını yaratmaq məqsədilə əsas təchizatçılarla danışıqlar aparır.

BMW isə bəyan edib ki, təchizat zəncirinin bir hissəsi çatışmazlıqdan təsirlənsə də, şirkətin zavodları adi rejimdə fəaliyyətini davam etdirir.

CLEPA-nın açıqlamasına əsasən, nadir torpaq elementlərinin tükənməsi səbəbindən bəzi istehsal xətləri artıq dayandırılıb. Məlumata görə, aprelin əvvəlindən bəri avtokomponent təchizatçıları tərəfindən yüzlərlə ixrac lisenziyası üçün müraciət edilib, lakin yalnız dörddə biri təsdiqlənib. Bəzi müraciətlər isə "xüsusi prosedur səbəbləri ilə" rədd edilib.

CLEPA mütəxəssisləri xəbərdarlıq edir ki, vəziyyət dəyişməzsə, yaxın həftələrdə daha çox istehsal xətti dayana bilər.

Nadir torpaq metallarının qıtlığı

May ayında xəbər verilmişdi ki, Çin nadir torpaq metallarının çatışmazlığı qlobal ticarəti təhlükə altına qoyur. Təchizat zəncirləri, Çin Xalq Respublikasında lisenziyaların verilmə tempinin ləngiməsi fonunda risk altına düşüb.

Ekspertlər qeyd edir ki, Çində lisenziyaları təqdim edən bürokratik sistem artan müraciət yükü qarşısında iflic ola bilər.

Xatırladaq ki, ABŞ daha əvvəl Çinə qarşı yüksək rüsumlar tətbiq etmişdi. Pekin isə cavab olaraq nadir torpaq metallarının ixracına məhdudiyyətlər qoyub. Bu metallar smartfonlardan tutmuş qırıcı təyyarələrə qədər geniş məhsul çeşidinin istehsalı üçün vacibdir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->