
2016-ci ildə əcnəbi vətəndaşlar tərəfindən iki övladlığa götürülmə halı qeydə alınıb. Bunlardan biri Türkiyə, digəri isə İngiltərə vətəndaşı tərəfindən həyata keçirilb.
Bu barədə azvision.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova deyib. O qeyd edib ki, əcnəbilər tərəfindən övladlığa götürülən uşaqlardan biri qız, digəri isə oğlandır.
“Türkiyə vətəndaşı ilə ailə quran Azərbaycan vətəndaşı bacısı qızını övladlığa götürüb. İngiltərə vətəndaşı ilə ailə quran azərbaycanlı qadın ilk nikahdan olan oğlunun həyat yoldaşı tərəfindən övladlığa götürməsini həyata keçiririb”.
V.Möhsümova qeyd edib ki, 2015-ci ildə əcnəbilər tərəfindən 7 uşaq övladlığa götürülüb: “Komitə bu sahədə fəaliyyət göstərəndən bəri üstünlüyü yerli övladlığa götürülməyə verir. Yalnız o halda xarici vətəndaşlara uşaqları təqdim edirlər ki, azərbaycanlılar tərəfindən bu uşaqlardan imtina edilsin. Bu da əsasən xəstə uşaqlarla bağlı olur. Ötən il Rusiyada yaşayan 3 azərbaycanlı yaxın qohumları tərəfindən övladlığa götürülüb. Eyni zamanda Türkiyə vətəndaşları ilə ailə quran azərbaycanlı kişi və qadın tərəfindən də övladlığa götürülmə halı qeydə alınır Həmçinin ötən il tərəflərin hər ikisi Türkiyə vətəndaşı olan bir ailə tərəfindən müəyyən qüsurları olan uşaq övladlığa götürülüb. Həmin uşaq müalicə olunur. Həmçinin uşaqları olan bir ABŞ vətəndaşı ailə tərəfindən 10 yaşlı fiziki qüsurlu oğlan uşağı övladlığa götürülüb. Həmin uşaq 2006-ci ildən müxtəlif ailələrə göstərilib. Amma fiziki qüsurları olduğu üçün ailələr həmin uşağı övladlığa götürmək istəməyib. Amma keçən il ABŞ vətəndaşı olan ailə həmin uşağa sahib çıxdı, hazırda onun təlim-tərbiyyəsi ilə bağlı bizə hesabatlar göndərilir. Uşağın vəziyyəti yaxşıdır”.
V.Möhsümova qeyd edib ki, hazırda 5 əncəbi ailə övladlığa götürülmə ilə bağlı növbə gözləyir.
Qaynarinfo.Az