“Həkim Nuranə Həsənovanın səhlənkarlığı üzündən mənim 2 yaşlı oğlu Xəyyam Qasımzadə dünyasını dəyişdi. Həmin həkimin həbsini tələb edirəm”. Bu sözləri “Yeni Müsavat”a müraciət edən Ziyaməddin Qasımov deyib.
Onun sözlərinə görə iyunun 29-da oğlu zəhərlənib, təcili tibbi yardımla 5 saylı Uşaq Yolxucu Xəstəliklər Xəstəxanasına aparılıb və orada dünyasını dəyişib: “Ora aparılanda uşaq qaytarırdı. Özündə deyildi. Təcili yardımın həkimi uşağa naşatır spirti iylətdi. Uşaq reaksiya verdi, ayıldı. Xəstəxanaya çatan kimi reanimasiya şöbəsinə yerləşdirdilər. Həkim Vəfa Hacıyeva uşağı müayinə edib müalicəyə başladı. Növbəti gün səhər artıq uşağın vəziyyəti yaxşılaşmışdı. Həkim növbəni Nuranə Həsənovaya təhvil verdi. Bundan sonra uşağın vəziyyəti o dərəcəyə qədər ağırlaşdı ki, uşaq dünyasını dəyişdi”.
Z.Qasımov deyir ki, övladının ölümündə günahkar həkimdir: “Uşağın durumu elə idi ki, ona sistemlə dava-dərmanı vururdular, süni nəfəs aparatına qoşmuşdular. Uşağı müayinə edən nervpatoloq deyib ki, uşaq yaxşı olana qədər onu süni nəfəs aparatından ayırmaq olmaz. Bundan başqa uşaqda zülalın miqdarının yüksək olduğundan ona qlükoza köçürülməsinin əks göstəriş olduğunu demişdi. Lakin Vəfa Hacıyeva uşağa qlükoza vurub, onu süni nəfəs aparatında da ayırıb. 1 saat sonra uşağın vəziyyəti kəskin pisləşdi və dünyasını dəyişdi”.
Z.Qasımov hüquq mühafizə orqanlarının rəhbərlərinə, baş prokuror Zakir Qaralova müraciət edərək həkimin barəsində müvafiq araşdırlmalara başlanmasını istəyib: “Araşdırsınlar, görəcəklər ki, oğlum həkimin öz işinə başdansovdu yanaşmasının qurbanıdır. Həkim Vəfa Hacıyeva mənim oğlumu öldürdü. Amma o, bu gün də həmin xəstəxanada işləyir. Kim zəmanət verir ki, o, mənim övladım kimi başqalarının da övladlarını öldürməyəcək? Uşağın ölümündən sonra həkimlərdən ifadələr alınıb. Bu adamların öz ifadələri bir-birini təkzib edir. Uşağımı öldürdüklərini gizlətmək üçün elə yalanlar uydururlar ki, məəttəl qalıram. Tələb edirəm ki, ən cidi şəkildə araşdırma aparılsın”.
Qeyd edək ki, 2 yaşlı Xəyyam Qasımzadənin ölümü ilə bağlı materiallar Sabunçu Rayon Prokurorluğunda öyrənilib, lakin cinayət işinin başlanması haqda qərar qəbul edilməyib.
Xəstəxana ilə əlaqə saxlasaq da, bu ittihamlara cavab verən tapılmadı. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Qaynar.info