Dow Jones portalı 2013-cü ildə Googleun KİV-də ən çox müzakirə edilən şirkət olması barədə məlumat verib. Belə ki, beynəlxalq ingilisdilli mətbuat ABŞ şirkətinin adını cari il ərzində 123 769 dəfə qeyd edib. Qaynar.info ICTnews-a istinadən bildirir ki, ötən il dünya KİV-i tərəfindən diqqətin həcminə görə lider olan Apple şirkətinin göstəricisi bu dəfə rəqibinkindən az (120 451) olub. 2012-ci ildə iPhone və iPad istehsalçısının adı 165 100, Googleun 114 954 dəfə çəkilib. 2011-ci ildə Applein mətbuatda adı 130 511 dəfə sadalanıb. 2010-cu ildə jurnalistlər ABŞ istehsalçısına nisbətən az diqqət yetiriblər (89 222 dəfə).
Appleın mətbuatda adı daha çox yeni smartfonları və iOS7 əməliyyat sistemini buraxdığı sentyabrda çəkilib. Google üçün ən yaddaqalan ay Google I/O konfransının keçirildiyi may ayı olub. Bu tədbirdə pulsuz Google Play Music All Access musiqi servisi və həm Android sistemli, həm də Apple mobil qurğuları üçün nəzərdə tutulan pulsuz Hangouts messenceri təqdim olunub.
Dow Jonesun versiyasına görə, ən çox müzakirə olunan şirkətlər siyahısında üçüncü yerdə Microsoft korporasiyası qərarlaşıb. Mətbuatda bu korporasiya barədə bu və ya digər şəkildə 84 174 dəfə yazılıb. Liderlər beşliyinə həmçinin Boeing (84 000 dəfə) və Bank of America (71 000 dəfə) şirkətləri daxildir.
Google ABŞ internet şirkəti olmaqla bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda Google dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bənd edilən onlayn reklam təşkil edir.
Google axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar YouTube videohostinqinin sahibidir, Gmail poçt servisi və Google+ sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün Android əməliyyat sisteminin tərtibatçısıdır.
Qaynar.info