Xəbər lenti

İntiqam Əliyevdən xəbər var
Siyasət06:17 15.09.2014

İntiqam Əliyevdən xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məhbus hüquqçu İntiqam Əliyevə aparılan sovqat və pul geri qaytarılıb.

Məlumatı “Azadlıq” radiosuna onun vəkili Anar Qasımlı verib. O bildirib ki, sentyabrın 13-də İntiqam Əliyevin oğlu ilə birgə Bakı İstintaq Təcridxanasına baş çəkib: “Hər dəfə oğlu da mənimlə gedir, yemək aparır. Mən İntiqam müəllimlə söhbəti bitirib bayıra çıxanda oğlu dedi ki, şəxsiyyət vəsiqəsi üstündə olmadığından sovqatı qəbul etməyiblər. Bu, doğru yanaşma deyil, oğlu hər dəfə ona sovqat gətirir, onun şəxsiyyət vəsiqəsinin sürəti təcridxanada var. 

İntiqam Əliyevin əmisi oğlunun şəxsiyyət vəsiqəsi ilə də sovqatı qəbul etmədilər. Halbuki bir neçə dəfə ona yemək gətirib, götürüblər. Ötən dəfə də pulu geri qaytardılar ki, vəkil gətirsin. Bu dəfə mən apardım. Yenə də buraxmadılar pulu”.

Anar Qasımlı Bakı İstintaq Təcridxanasında İntiqam Əliyevə qərəzli yanaşıldığını vurğulayıb: “İntiqam Əliyev Penitensiar Xidmətin rəisi Mədət Quliyevə təcridxanadakı nöqsanlarla bağlı məktub yazıb. Hər dəfə mənimlə görüşəndə gətirir, lakin buraxılmır. 20 gündür ki, məktubu mənə verməsi əngəllənir. İntiqam Əliyev təcridxanada ən çox senzuraya məruz qalan siyasi məhbusdur. Onun yazdığı hər məktub nöqtə-vergülünəcən oxunur”. 

Vəkil bu davranışların qanuna zidd olduğunu qeyd edib: “Biz Mədət Quliyevə müraciət yazmağı planlaşdırırıq. Mən onunla niyə belə davranıldığını soruşdum. Dedilər ki, rəhbərliyin göstərişi belədir. Belə görünür ki, təcridxanada qanunlar deyil, göstərişlər tətbiq edilir. Mədət Quliyevə müraciət edəcəyik ki, İntiqam Əliyevi qəbul edib dinləsin”.  

Avqustun 8-də Nəsimi Rayon Məhkəməsi İntiqam Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir.

İntiqam Əliyevin 51 yaşı var. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquqçu fəaliyyətinə 1990-cı ildən başlayıb. 1999-cu ildən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. 20 ildən çoxdur vəkillik fəaliyyəti ilə məşğul olur. Əsasən insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb.

“Amnesty İnternational” təşkilatı hesab edir ki, İntiqam Əliyevin həbsi insan haqlarının müdafiəsi sahəsindəki fəaliyyəti ilə əlaqədardır. Təşkilat onu vicdan məhbusu hesab edir.

Qaynar.info