Xəbər lenti

Azərbaycan elminə ağır itki
Ölkə06:12 02.09.2013

Azərbaycan elminə ağır itki

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan elminə ağır itki üz verib.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Bayram Ağayev qəflətən dünyasını dəyişib.

Fransız dili və ədəbiyyatı mütəxəssisi olan, hələ sovet dövründə Əlcəzairdə fransız dili üzrə tərcüməçi işləyən B. Ağayevi dostları “müsyö Bayram”, “firəng Bayram” deyə çağırırdılar.

Tanınmış filoloq Məsiağa Məmmədli B.Ağayevi belə xarakterizə edir: “Bayram müəllim öz ixtisasının bilicisi idi , amma bunu heç vaxt büruzə verməz, gözə soxmazdı. Xüsusən, özü demişkən, “samolyota minməmiş” alimlərin yanında. O başını faktlarla, epizodlarla doldurub məlumatfüruşluq edənlərdən deyildi, filoloji məsələlərin mahiyyətini bilən və duyan kəslərdəndi. Başqa sözlə, arif idi... Amma hər şeydən əfzəl Bayram müəllimin dostluğu, yoldaşlığı, insanlığı idi. Onun haqqında danışanda həmişə “Bayram ruh adamıdır” deyərdim. Gözəl bir musiqi, sərrast bir ifadə onun kövrəlməsi, qəlbinin vəcdə gəlməsi üçün kifayət idi.

Bayram müəllim başqasının uğuruna sevinməyi həqiqi mənada bacaran, başqasının sevincinə bütün varlığı ilə şərik ola bilən adamlardan idi. Çox istədiyi, müvəffəqiyyətinə şad olduğu insanlar haqqında danışanda sözləri xüsusi şəkildə seçməz, nəyi deməyi, nəyi saxlamağı ölçüb-biçməz, ürəyinin bütün genişliyi ilə danışardı və bu zaman onun üzünə yayılan işıqda həsəddən rəngi boğulmuşların siması sadəcə görünməz olardı...

Mənim 50 illiyimdə Bayram müəllim səmimi bir yazı yazmışdı və o yazı “Ədəbiyyat qəzeti”ndə çap edilmişdi. Mənsə onun haqqında bu sətirləri yazası oldum. Təəssüf...”

Allah rəhmət eləsin!

Qaynar.info