
Bakı-Qazax magistral yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə bu gün günorta saatlarında yolun 306-cı kilometrliyində, Goranboy rayonu ərazisində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Vəzir Şirin oğlu Şirinovun idarə etdiyi 50-CT-350 dövlət nömrə nişanlı «Hyundai SantaFe» markalı minik maşını qarşı tərəfdən gələn Goranboy sakini, 1962-ci il təvəllüdlü Elmar İbrahim oğlu Süleymanova məxsus 10-ZN-205 dövlət nömrə nişanlı «BMW» markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də sərnişinlər - sürücünün qardaşı 1961-ci il təvəllüdlü Elmir Süleymanov, bacısı 1964-cü il təvəllüdlü Kəmalə Süleymanova, 1963-cü il təvəllüdlü Sahilə Eyyub qızı Süleymanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Sonradan xəstələrin vəziyyəti ağırlaşdığı üçün onlar müalicə üçün Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına aparılıblar.