Vüsal Bağırlı
Bizim idman kanallaranı izləyərkən, şərhçi-icmalçının parazit sözlərindən, vulgar ifadələrindən bezən tamaşaçı, "nə deyir ə o!?” deyərək tezcə kanalı dəyişir. Onlar bu cür şit və çiy ifadələrdən geninə-boluna istifadə edərkən izləyiciləri əməlli-başlı bezdirirlər.
İdman kanallardakı keyfiyyətsiz və bayağı boşboğazlıq fonunda, bir neçə il əvvəl Asif Bağırovla "Doktor” Ziyanın həvəskar qaydada şərh etdikləri oyunlar indi daha keyfiyyətli və maraqlı görünür. Onların bəzi ifadələri – "Hakan Şükür sözün hər iki mənasında başla oynadı” və yaxud "12-13 dəqiqəlik fasilə zamanı bir fincan çay və ya qəhvə içməyə vaxtınız var” kəlmələri indi də futbol azarkeşlərinin yadından çıxmır.
Bir şeyi unutmayaq ki, burnunda nə isə mızıldanıb, sonra, boğazının damarlarını şişirdərək, var gücüylə "qooool” qışqıran şərhçi izləyiciyə əsla maraqlı deyil. Müasir dövrdə müxtəlif ölkələrin oyun şərhlərini müqayisə etmək imkanı əldə etmiş tələbkar tamaşaçı maraqlı futbol oyununa baxmaq istəyir, bir aktyorun mono teatrına yox. Ümumiyyətlə, yerli kanallarda oyunları izləyərkən, ya TV-nin səsini maksimum azaltmalı ya da yanınıza hər ehtimala qarşı "Valokordin”, "Valerian”, "Kardiolin” qoymalısınız.
Bəs öz işini sevən, əsl peşəkar idman, futbol kommentatorları işini necə qurmalıdır?
Xarici ölkələrdə işə yeni başlayan şərhçilərin ilkin metodu ilk əvvəl, televiziya və ya kompyuter qarşısında əyləşərək oyunu şərh etməkdən, sonra diktofona yazmaqdan, təkrarən dinləməkdən, sonda isə analiz etməkdən ibarət olur. İşə təzə başlayanlar bu yolla, zəif cəhətlərini bilir, "Axilles dabanlarını” müəyyən edir və özlərini kənardan müşahidə etmək imkanı qazanırlar.
Əslində şərhçinin oyuna peşəkar münasibəti, ona tapşırılan oyundan bir neçə gün əvvəldən başlayır. Əvvəlcə o, oyun haqqında sıravi məlumatlar toplayır: kim zədəlidir, stadionun tamaşaçı tutumu, hava şəraiti və ya komandaların son oyun göstəriciləri necədir və sair.
Bildiyiniz kimi, internet dövrü şəraitində komandalar haqqında məlumat toplamaq asan bir məşğuliyyətə çevrilmişdir. Bu cür informasiya bolluğundan düzgün yararlanan şərhçi, hər zaman izləyicinin, futbol həvəskarının köməkçisi olmalı, faydalı izahatlar verməli, oyuna marağı daha da artırmalıdır.
Kənardan asan görünən şərhçilik yetərincə çətin peşədir və bir sıra biliklər, vərdişlər tələb edir. Saat yarımlıq reportaj müddətində, aradakı 15 dəqiqəlik fasiləni nəzərə almasaq, o dayanmadan danışmalı, qışqırmalı, həyəcan ortaya qoymalıdır.
Seyrçinin yorulmaması və oyundan maksimum zövq ala bilməsi üçün kommentatorun aydın səsi, natiqlik bacarığı, dəqiq və düzgün diksiyası, incə yumor hissi olmalıdır . Sözlərin aydın deyilişi, emosionallıq, intonasiya, bol lügət və söz ehtiyati vacib şərt sayılır.
Tamaşaçı bəzən yersiz təkrarlanan faktlardan, rəqəm və statistikaların quru ardıcıllığından bezir. Buna görə də, şərhçi meydanda baş verənlərdən yayınmamaq şərtilə, kənar hadisələrdən bəhs etməyin (statistik məlumat və faktlar) balansını da bilməlidir. Məlumat ardıcıllığı və intonasiya dozası isə həddini aşmamalı normal olmalıdır.
O, oyun qaydalarını dəqiq anlamalı, komandaların tarixi və hal-hazırkı durumu və futbolçular haqqında da məlumatlı olmalıdır. Şərhçinin hər zaman oyunun axarını, nəbzini tutmaq bacarığı olmalı, quru-sönük keçən matçı öz emosiyası ilə canlandırmalıdır.
Şərhçi heç vaxt unutmamalıdır ki. ekranın, monitorun digər tərəfində minlərlə, bəlkə də milyonlarla azarkeş var. Bəzən, derbi və ya çempionluq uğrunda gedən oyun belə, gözlənənlərin əksinə olaraq maraqsız keçə bilər. Fəqət şərhçinin əsas ustalığı, oyunun bu yeknəsəqliyini pərdələyərək, gizlətmək bacarığıdır.
Şərhçi üçün improvizasiya, hazırcavablılıq əsas şərtlərdir. Məsələn. bir dəfə Rusiyanın Matç TV kanalında İspaniya çempionatının oyununu izləyirim. Birbaşa translyasiya zamanı gözlənilməz bir hadisə baş verdi, kadr itdi, yalnız səs qaldı. Bu zaman rus şərhçi peşəkar hazırcavablılıq nümayiş etdirib, "indi gəlin ehtimal edək görək epizoddakı hücüm nə ilə bitəcək!?” deyə, çətin vəziyyətdən uğurla çıxdı.
Eyni zamanda, peşəkar şərhçilər rasizm və təhqirə yol verəməli, məsələlərə obyektiv, bitərəf və tolerant yanaşmağı bacarmalıdırlar. Oyunun vaxtı bitməyincə, hesabdan asılı olmayaraq, qələbəni elan etmir, hadisələri yersiz qabaqlamırlar. Şərhçi xəstə və kefsiz olsa belə, bunu tamaşaçı hiss etməməlidir. O efirdə həmişə enerjili, gümrah və pozitiv olmalı, səsində gərginlik sezilməməlidir. Oyun zamanı o, hansısa komandanın tərəfini saxlayırsa da, bunu izləyicilərdən gizlətməli, neytrallığını saxlamalıdır.
Əgər sən şərhçisənsə, əvvəlcədən ünvanına səslənəcək söyüşü, lənəti və ya pis sözləri qəbul etməli, udmalısan. İşinə peşəkar yanaşan şərhçiyə bu özünü yaxşı olmasını sübut etmək üçün əlavə stimuldur.
Ümumiyyətlə, idman şərhçisi, real zaman rejimində oyunda baş verənləri obyektiv və düzgün analiz edərək, emosiyaları və improvizələri ilə zəngunləşdirən jurnalistdir, araşdırmaçıdır.
Yazımı məşhur idman şərhçisi Kote Maxarazenin sözləri ilə tamamlayıram: Mən öz incik ovqatımı və pis əhvalımı kommentator kabinəsinin içərisinə buraxmıram.