Hüseynbala Səlimov
Qlobalizmin müsbət–pozitiv mənada təzahürlərindən biri də budur ki, bir ölkədə ciddi bir neqativ hadisə baş verdikdə, xüsusən də insanlar hansısa ciddi zorakılığa və ya hüquq pozuntusuna məruz qaldıqda digər ölkələrin cəmiyyətləri və yaxud da fərdləri də buna etiraz edirlər.
ABŞ-da qaradərili insana qarşı polisin göstərdiyi qeyri-adekvat, hətta qeyri-insani hərəkətə qarşı reaksiya da belə oldu: Avropa ölkələrinin insanları belə məsələyə biganə qalmadı, böyük etiraz aksiyaları keçirildi və bu aksiyalarda insanlar irqçiliyi və onun təzahürlərini pislədilər.
Bəli, qaradərili hüquq pozucularına qarşı qeyri-adekvat davranış birinci dəfə deyil ki, baş verir, hətta yaxın keçmişi götürsək belə, qaradərili prezident B.Obamanın da dövründə bu cür insanlara qarşı şiddətlər olmuşdu. Amma bu dəfə baş verən hadisə analoqsuz idi, çünki polis göz önündə insanı boğaraq öldürdü. Əslində isə buna heç bir ehtiyac yox idi – qaradərili huquq pozucusu tamam zərərsizləşdirilmişdi, səhv etmiriksə, hətta qolları da qandallanmışdı, ən əsası da o, silahsız idi.
Bəlli oldiuğu kimi, polisə yalnız müdafiə məqsədilə, özünü və digər insanları qorumaq məqsədilə atəş açamağa icazə verilir. Burada isə buna nəinki zərurət yox idi və qaradərili hətta yanlış atəş nəticəsində deyil, adi bir üsulla – boğularaq öldürüldü...
İlk günlərdə həmin polis nəfəri yalnız və yalnız polis sıralarından qovulmuşdu, di gəl, görəndən sonra ki, insanlar etiraz edirlər, onu həbs etdilər.
Etirazlar bir az da güclənəndən sonra məcbur olaraq hadisə yerində olmuş daha bir neçə nəfər polisi də həbs etdilər, çünki onlar qaradərilinin günün günorta cağı, düz insanların gözü qarşısında boğularaq öldürülməsinin qarşısını ala bilərdilər, amma bunu etmədilər.
Kimsə deyə bilər ki, öldürülən adi cinayətkar idi. Amma hər cəzaya qarşı ölüm tətbiq olunmur! İkincisi, ölüm hökmünü yalnız məhkəmələr çıxara bilər. Bu qaradərilinin əməli uzağı yüngül xuliqanlıq kimi qiymətləndirilə bilərdi - əgər səhv etmiriksə, onun çox təhlükəli bir cani olmasına işarə edəcək hansısa əlamət yox idi.
Həm də kinolardan biz amerikalı polisləri tamam başqa rakursdan müşahidə etmişik. Onlar hər hansı cinayətkarı yaxalayarkən dərhal onun yadına ən əsas hüquqlarından birini – vəkil gələnə qədər danışmamaq və suallara cavab verməmək hüququnu salırdılar.
Yeri gəmişkən, bu son olaylara bənzəyən bir olay haqqında məşhur bir film də var.
Filmdə polislərdən bəhs olunur. Onlardan biri həmkarı ilə qanun pozucusunu təqib edərkən ehtiyac olmadığı halda atəş açır və cinayətkarı öldürür.
Bunu kimsə görmür və polislər, prinsipcə, məsələni elə beləcə də təqdim edə və cinayətkar silahlı olduğu üçün atəş açmaq məcburiyyətində qaldıqlarını deyə bilərdilər. Amma onlardan biri bunu etməkdən imtina edir və öz raportunda hər şeyi olduğu kimi etiraf edir...
Yəni məsələ ABŞ cəmiyyəti üçün yeni deyil, kifayət qədər düşündürücü problemdir. Bizə elə gəlir ki, burada təkcə polisin hərəkəti qeyri-adekvat olmadı, elə prezident D.Tramp da belə hərəkət etdi.
Əsıində isə bu adam bir prezident, ölkə başçısı kimi həlak olmuş qaradərilinin yaxınlarından və ABŞ cəmiyyətindən üzr istəyə, problemin ciddi şəkildə araşdırılacağını, cinayətkarların cəzalandırılacağını deyə bilərdi. Amma o, nə etdi? Etirazlar baş verən ştatlara qoşun göndərməyi təkid etdi və belə bir şey dedi ki, hərbçilər sərt olmalıdır və cəmiyyət də bunu qəbul etməlidir!..
İnsanlar onu irqçi adlandırdılar və düşünürük ki, tamam haqılı olaraq belə etdilər –Trampın demokrat və liberal bir adam olmaması hamıya çox yaxşı məlum idi, amma bəlli oldu ki, o, həm də irqçi imiş...
Etirazlar gözləniləndən çox böyük oldu, üstəlik, geniş coğrafiyanı əhatə etdi. Birmənalı şəkildə demək olar ki, növbəti seçkidə Tramp üçün olduqca çətin olacaq və biz indidən buna sevinirik.
O ki qaldı bizim bəzi anti-qlobalistlərə, proteksionistlərə və psevdo-millətçilərə, onlar özlərini elə aparır ki, sanki qlobalizm tamam unudulandan, Avropa İttifaqı və ya NATO kimi təşkilatlar tamamilə çökəndən, BMT ləğv olunandan sonra bu adamların bütün arzuları çin olacaq!
Əslində bu adamların bircə mərəzi var və o da budur ki, onlar "kiçik xalqın böyük oğulları” olmaq sevdasındadırlar; məhəllə təfəkkürü və ya məhəllə şüuru onları hələ də tərk etməyib...
Dəfələrlə yazmışıq ki, qlobalizm həm də bəşəriyyətin elmi-texniki, iqtisadi inkişafının nəticəsidir. Unutmaq lazım deyil ki, indi 21-ci əsrdir və belə vaxtda həm planetar dəyərlərin mövcudluğunu inkar etmək, həm də üstəlik durub demokrat olmamaq bir növ ayıbdır...