İtaliyanın Pagliara dei Marsi kəndində təxminən 30 ildən sonra dünyaya gələn ilk uşaq Lara, kəndin əhalisini 20-yə çatdıraraq böyük sevinc yaradıb. Lakin ümumilikdə İtaliyanın gələcəkdə əhali sayı baxımından çətin günlərlə üzləşəcəyi vurğulanır.
Qayanrinfo xəbər verir ki, İtaliyanın dağlıq kəndlərindən biri və əhalisi pişiklərdən belə az olan Pagliara dei Marsi, bu günlərdə tarixi bir qeydiyyata şahidlik edir. "The Guardian" nəşrinin məlumatına görə, mart ayında dünyaya gələn Lara Bussi Trabukko kənddə təxminən 30 ildir doğulan ilk uşaq olub. Laranın gəlişi ilə kəndin ümumi əhalisi 20-yə çatıb.
Musiqi müəllimi Cinzia Trabucco (42 yaş) və tikinti işçisi Paolo Bussi (56) cütlüyünün qızı olan Lara qısa müddətdə bölgənin diqqət mərkəzinə çevrilib. Ana Cinzia vəziyyəti belə izah edir:
"Kəndin varlığından xəbərsiz olan insanlar belə sadəcə Laranı görmək üçün buraya gəlirlər. Hələ doqquz aylıqdır, amma artıq məşhur olub".
İtaliya Milli Statistika İnstitutunun (Istat) məlumatına görə, 2024-cü ildə ölkədə doğum sayı 369 944 olub və bu, tarixdəki ən aşağı səviyyədir. Hər bir qadına düşən uşaq sayı isə 1,18 olub ki, bu da Avropa İttifaqındakı ən aşağı nisbətlərdən biridir.
Xəbərə görə, gənclərin işsizlik qorxusu və xaricə köç etməsi əhalinin azalmasına səbəb olur. Bundan əlavə, işləyən analar üçün uşaq baxımı və sosial dəstək sistemlərinin çatışmazlığı ailə qurmağı çətinləşdirir. Kişilərdə artan sonsuzluq və bioloji saat problemi də digər səbəblər sırasındadır.
Corcia Meloni rəhbərliyindəki İtaliya hökuməti, bu "demoqrafik qışı” sona çatdırmaq üçün 2025-ci ilin yanvarından etibarən hər yeni doğulan uşaq üçün 1000 avro birdəfəlik "uşaq bonusu” və aylıq təxminən 370 avro uşaq dəstəyi ödəməyə başlayıb.
Lakin Laranın anası Cinziaya görə, maliyyə təşviqləri təkbaşına kifayət deyil. Ana deyir:
"Bütün sistemin inqilabi dəyişikliklər keçirməsi lazımdır. Vergilər yüksək olan bir ölkəyik, amma bu, keyfiyyətli həyat və ya yaxşı sosial xidmət kimi geri dönmür".
Əhali böhranı yalnız statistikalara deyil, həm də ictimai xidmətlərə təsir edir. Pagliara dei Marsi kəndinə bir saatlıq məsafədə yerləşən Sulmona şəhərində doğum sayı illik 500 olan həddi keçmədiyi üçün xəstəxananın doğum şöbəsi bağlanma təhlükəsi ilə üzləşib.
Aydın
Şərhlər