Rusiya əsirliyində 3392 Ukrayna əsgəri var.
Qaynarinfo xəbər verir ki, bu barədə Volodimir Zelenskinin müşaviri və müdafiəçilərin hüquqlarının təmin edilməsi üzrə komissarı Alyona Verbitskaya Almaniyanın Redaktionsnetzwerk Deutschland nəşrinə müsahibəsində
bildirib.
Həmçinin onun sözlərinə görə, müharibə zamanı Ukraynada 15 min insan itkin düşüb. Onların çoxu mülki şəxslərdir. Verbitskaya bildirib ki, bu insanların taleyi "tamamilə qeyri-müəyyəndir”. Onlar işğal olunmuş ərazilərdən oğurlana, rus əsirliyinə aparıla və ya öldürülmüş ola bilərlər.
Xatırladaq ki, iyunun sonunda Rusiya Müdafiə Nazirliyi 6000-dən çox Ukrayna əsgərinin əsirlikdə olduğunu bildirib. Rusiya ilə Ukrayna arasında ən böyük hərbi əsir mübadiləsi sentyabrın 22-də baş tutub. Həmin zaman 215 ukraynalı əsgər Rusiya əsirliyindən azad edilib, onlardan 100-dən çoxu Azov döyüşçüləri olub. Ukrayna da öz növbəsində Viktor Medvedçuku və 55 rusiyalını Rusiya Federasiyasına təhvil verib. "The Washington Post” yazıb ki, FSB Putini bu qərardan çəkindirməyə çalışıb.
Nizami Bağırov