Vətəndaşlarımız tibb müəssisələrində müəyyən neqativ hallarla qarşılaşır. Bu sözləri axar.az-a hüquqşünas-ekspert Sadiq Əfəndiyev Milli Məclisin plenar iclasına tövsiyə olunan yeni qaydalar barədə danışarkən deyib.
Onun sözlərinə görə, yeni qaydalar pulsuz tibbi yardım almaq üçün müraciət edən vətəndaşların qarşılaşdıqları maneələri aradan qaldıracaq: “Qanunvericilikdə vətəndaşlara pullu və pulsuz ixtisaslaşdırılmış tibbi yardımların göstərilməsi nəzərdə tutulub. Bu cür tibbi yardımların həcmi və növləri Nazirlər Kabinetinin qərarı ilə müəyyən olunur. Konkret olaraq qanunvericilikdə qeyd olunmuş elə xəstəliklər mövcuddur ki, həmin xəstəliklər dövlət təminatındadır və tibbi yardım dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məsələn, immun çatışmazlığı virusu ilə yaşayan Azərbaycan vətəndaşlarına tibbi yardım qanunvericiliklə müəyyən edilmiş həcmdə dövlət büdcəsinin vəsaiti hesabına göstərilir. Bəzən pulsuz ixtisaslaşdırılmış tibbi yardım almaq istəyən vətəndaşlarımız tibb müəssisələrində müəyyən neqativ hallarla qarşılaşır, onların qanunla nəzərdə tutulmuş qaydada pulsuz tibbi yardım almaq hüquqlarının həyata keçirilməsinə maneələr yaradılır. Yeni qaydalar qəbul edilərsə, bütün bunlar aradan qalxacaq”.
Qeyd edək ki, Milli Məclisə tövsiyyə olunan yeni qaydalara görə, ölkədə ixtisaslaşdırılmış tibbi yardımın göstərilməməsi hallarına görə cəza tətbiq olunacaq. Belə ki, ixtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda nəzərdə tutulmuş qaydada göstərilmədiyi hallarda 500 manat miqdarında cərimə tətbiq ediləcək.
Qaynar.info