
Azərbaycanda bu ilin 9 ayı ərzində intihar edənlərin sayı açıqlanıb.
Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Səbuhi Pənahov bildirib ki, bu ilin 9 ayı ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub.
Son günlər xüsusən də, azyaşlılar və yeniyetmələr arasında intihar hadisələrinin artması narahatlığa səbəb olur. İntiharları yaradacaq səbəblər nədir? Dövlət hansı səpkidə mübarizə aparır? İntiharların qarşısını ala biləcək önləyici tədbirlər görülürmü?
Qaynarinfo.Az-ın suallarını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov cavablandırdı:

"Digər dövlətlərdə olduğu kimi, çox təəssüflər olsun ki, Azərbaycanda da intihar hadisələri aktualdır. Düzdür, faiz dərəcəsinə baxsaq, digər dövlətlərə nisbətən azdır. Bu il CM-nin 125-ci maddəsi ilə bağlı 500 cinayət işi başlanıb, ancaq hamısı təsdiqlənməyib ki, intihardır. Hər intihar işi ilə bağlı komitə tərəfindən araşdırmalar aparılır. İntihar hadisələrinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlər görülür. Hazırda intihara zəmin yaradacaq başlıca səbəblərdən biri məişət zorakılığıdır. İkinci səbəb kimi, ailədə narkotik istifadəçisi və ya spirtli içki aludəçisinin olması. Üçüncü səbəb kimi ailədə sosial vəziyyət göstərilə bilər. Digər səbəblərdən biri də müəyyən sektalardır ki, yetkinlik yaşına çatmayan şəxsləri cəlb edərək onları təsir altına salırlar".
Ötən həftə 12 yaşlı Fərəh Yaqubovanın intihar etməsinin səbəbini sayt dərc etmişdik. 12 yaşlı qız dərman içməzdən öncə nənəsinə bildirib ki, "istəyirəm dərman içim, sonra məni aparsınlar xəstəxanaya, məni ayıldandan sonra hamı mənim nazımı çəksin". Bu kimi fikirləri adətən uşaqlar filmlərdən götürürlər. Ümumiyyətlə, filmlərin, cizgi filmlərinin və proqramların yaş həddində qruplaşdırılmasına nəzarət varmı?
"Müvafiq informasiya qurumları tərəfindən monitorinqlər aparılır. Məsələn, 3+, 5+, 10+ və digər yaş çərçivələrində proqramlar, cizgi filmləri, filmlər qruplaşdırılır. Bunun bağlı təkmilləşdirmə işi aparılır. Bəzən filmlərdə yazılıb 10+, amma uşaq gəlib filmi izləyir və orada ona mənfi təsir edəcək, uçuruma aparacaq yad fikirləri mənimsəyir. Ümumiyyətlə, bu baxımdan bütün yayım vasitələrində nəzarət sistemi olmalıdır. Hazırda informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisdə baxılır. Biz də qanun layihəsinin qəbul edilməsini gözləyirik. Bu bir mübarizə metodudur. Bir neçə il öncə müəyyən sektalar var idi ki, gəncləri intiharlara sövq edirdilər. Biz mübarizə apardıq və onların fəaliyyətinin qarşısı alındı. Amma bu təhdidlər xaricdən Azərbaycana gəlir və davam etdirilir. İnformasiya dövrünün inkişafı dönəmində mübarizə metodlarının daha da gücləndirilməsinə ehtiyac var".