"Poçt xidməti və ASAN könüllüləri vasitəsi ilə pulun birbaşa mənzillərə çatdırılması təmin edilməlidir".
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Prezident İlham Əliyevin aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda "İki ay ərzində 600 min insan dövlətdən ayda 190 manat alsın.
Bu vəsaiti alacaq vətəndaşlardan xahiş edirəm ki, onlar ikinci ödənişi almaq üçün bank hesabları açsınlar" fikirini şərh edərkən deyib. Natiq Cəfərlinin fikirincə, virusun yayılmaması üçün bank hesablar online açılmalıdır:
"200 min işsiz insana müavinat verilməli idi, indi 600 min insana 2 ay müddətinə 190 manat veriləcək. Yaxşı qərardır, amma bir texniki məsələ diqqətimi çəkdi. Prezident çıxışında dedi ki, bu vəsait banklarda açılmış hesablara köçürüləcək və may ayında pulların verilməsinə başlanacaq. Deməli, azı 400 min insan hesab açmalıdır, bu isə karantin rejimi ilə uyğun gəlmir, Banklarda növbələr yaranacaq, sosial məsafənin gözlənilməsi mümkün olmayacaq. Bu isə virusun yayılmasına səbəb ola bilər. Belə bir problem yaranmasın deyə, hesablar online açılmalıdır. Bunun üçün bankların alt yapısı yetərli deyil, ya da hesab açılma məsələsindən yan keçib poçt xidməti və ASAN könüllüləri vasitəsi ilə pulun birbaşa mənzillərə çatdırılması təmin edilməlidir".
Ekspert Prezidentin qeyri-formal məşğulluğa son qoyulması ilə bağlı sahibkarlara xəbərdarlıq etməsinə də aydınlıq gətirib:
"Müqaviləsiz işçi çalışdırmaq kölgə iqtisadiyyatının təzahürüdür, təbii ki, bunun qarşısı alınmalıdır. Amma bu, ikitərəfli yoldur, tək sahibkardan asılı məsələ deyil. İşçilərin özləri də müqavilə ilə çalışmaq istəmirlər, çünki DSMF-yə ödənişlər yüksəkdir. İşçi aldığı maaşın 200 manatdan yuxarı olan hissəsinin 10%-ni və 6 manat DSMF-ə köçürür, yəni, 500 manat maaş alan işçi hər ay 36 manat ödəniş etməlidir. Əslində bu ödəniş işçinin gələcək təqaüdü üçündür, amma bizim vətəndaşlar təqaüd məsələsinə inanmır deyə, günü bu gün artıq ödəmə etmək istəmir. Ona görə də işə girəndə danışır ki, sən mənə müqaviləsiz 500 manat ver, mən heç bir ödəniş etməyim. Yəni, bu problem tək sahibkarlardan qaynaqlanmır və problemin həlli yolu da tək cəzalar deyil. Təcili olaraq özəl təqaüd fondlarının yaradılmasına imkan verilməli, sosial müdafiə müqavilələri könüllülük və seçim əsasında bağlanmalıdır. Yəni, işçi özü seçim etməlidir ki, hansı fondla və hansı əsaslarla müqavilə bağlayacaq, Dövlət isə bu ödənişin minimum məbləgini müəyyən edə bilər. Məsələn, hər 100 manata 2 manat, daha yuxarı ödəniş etmək istəyən işçi fərdi yanaşma ilə ya DSMF, ya da özəl dondla müqavilə bağlayacaq. İşə götürənlər üçün də seçim imkanı olmalı, onların sosial müdafiə ödənişləri azaldılmalıdır. Onlar üçün də hər 100 manata 3 manat ödəniş müəyyən edilməlidir. Bu zaman həm biznes, həm də vətəndaş könüllü şəkildə müqavilə ilə çalışmaqda maraqlı olacaq. Bundan sonra da qaydaları pozan olacaqsa, çox böyük məbləğlərdə cərimələr olmalıdır ki, çəkinsinlər".
Natiq Cəfərli
Natiq Cəfərli bildirib ki, müşavirədə yenə də istehlak və biznes kreditləri ilə bağlı addımlar müzakirə edilmədi:
"Hökumət yenə gecikir və nəticədə toksik, problemli kreditlər sürətlə artacaq. Sonda hökumət daha çox vəsait xərcləyərək bu problemi həll etməli olacaq. İndi önləyici addımlar daha ucuz və daha məntiqli olardı: Bu ilin mart ayının əvvəlinə ölkədə ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 307 milyon manat olub və bu, ümumi kredit portfelinin 8,4 faizini təşkil edib. Əgər iyulda iqtisadiyyatda hərəkətlilik olmasa, cəmi 3 aydan sonra (aprel-may-iyun) problemli kreditlərin həcmi xeyli artacaq. Hətta karantin bitəndən sonra belə iqtisadiyyatın öz relsinə düşməsi ən azı 6 ay çəkəcək. Növbəti 6 ayda problemli kreditlərin həcmi 5 milyard manata, yəni ümumi kredit portfelinin 25-30 faizinə çata bilər. Problemi həll etmək üçün bütün növ kreditlərlə bağlı faiz ödəmələrini 6 aylıq dondurmaq lazımdır. Eyni zamanda, banklara ziyan dəyməməsi üçün onlar da 6 aylıq bütün növ vergilərdən azad edilməlidirlər. Vergidən tam azad olunmaları bankların itkilərini kompensasiya etməyəcək. Ona görə də, Mərkəzi Bank öz manat rezervlərindən bütün banklara ilk 6 ayı 0, növbəti 6 ayı isə 2-3 faiz olmaqla, bir illik kredit xətti aça bilər. Bu addımlar banklar üçün çox cəlbedici və sərfəli olacaq, əhali və biznes də dərindən nəfəs alacaq".
Natiq Cəfərli hesab edir ki, hökumət doğru istiqamətdə bəzi addımlar atır:
"İmkanların məhdud olması da məlumdur, amma idarəetmənin çevikliyi olmadığı üçün qərarların alınması və uyğulanması gecikir. İqtisadiyyatda və sosial problemlərin həllində gecikmələr isə daha böyük fəsadlar yarada bilər. Hökumət daha çevik, operativ və hesabatlı olmalıdır".
Bahar Rüstəmli