Xəbər lenti

625 metrlik körpüyə nəhəng süni şəlalə də əlavə etdilər (VİDEO)
Video 12:33 29.06.2026

625 metrlik körpüyə nəhəng süni şəlalə də əlavə etdilər (VİDEO)

Çin dünyanın ən hündür körpüsündən təkcə nəqliyyat məqsədilə istifadə etmir. Ölkə bu nəhəng tikilini süni şəlalə, şüşə lift və ekstremal idman zonaları ilə diqqət çəkən yeni turizm mərkəzinə çevirib.

Qaynarinfo xəvbər verir ki, Çin uzun illərdir hündür körpülərin tikintisində dünya lideridir. Dünyanın ən hündür 54 körpüsündən 50-si bu ölkədə yerləşir. Siyahıya isə yerdən 625 metr yüksəklikdə inşa edilmiş Huajiang Canyon Bridge başçılıq edir.

Təxminən 2 890 metr uzunluğunda olan körpü iki qüllə arasında yerləşən 1 420 metrlik əsas aşırım üzərində inşa edilib. Bununla da hündürlük rekordu eyni çay üzərində yerləşən Duge Bridge körpüsündən alınıb.

Körpü Çinin dağlıq relyefi ilə tanınan Quicou əyalətindən keçən Liuzhi–Anlong avtomobil magistralının əsas hissələrindən biridir. Körpünün tikintisinə 2022-ci ilin əvvəlində başlanılıb, işlər isə 2025-ci ilin sentyabrında başa çatdırılıb.

Yeni körpü sayəsində əvvəllər dağ yolları və bərə vasitəsilə təxminən 70 dəqiqə çəkən keçid indi cəmi 1 dəqiqə davam edir. Tikili həm bölgədə nəqliyyatı sürətləndirib, həm də turistlərin maraq göstərdiyi yeni məkanlardan birinə çevrilib.

Tikinti zamanı körpünün giriş hissəsindəki tunellərin qazılması zamanı yeraltı sulara rast gəlinib. Bölgənin əhəngdaşı quruluşu nəzərə alındığından bu hal gözlənilən hesab olunurdu.

Mühəndislər suyu kənarlaşdırmaq əvəzinə onu nəzarət altına almağa qərar veriblər. Bunun üçün 4 min kubmetr tutumlu su anbarı inşa edilib.

Toplanan su yalnız körpünün ehtiyacları üçün istifadə edilmir. O, həmçinin istirahət obyektlərinin su təchizatını təmin edir, eləcə də kanyonun "Quanlin” tərəfindəki əkin sahələri və meyvə bağlarının suvarılmasına xidmət edir.

Toplanan suyun bir hissəsi körpünün orta hissəsinə ötürülür. Buradan buraxılan su təxminən 300 metr enində süni şəlalə yaradır.

Şəlalə təxminən 606 metr aşağıda yerləşən çaya tökülür. Gecə saatlarında isə lazer işıqları ilə işıqlandırılır ki, bu da körpünün axşam saatlarında da turistlərin diqqətini cəlb etməsinə imkan yaradır.

Çinin dövlət mediası bu qurğunu dünyanın ən hündür süni şəlaləsi kimi təqdim edir. Sistemdə su təzyiqi artırıldıqda su axınının hündürlüyü təxminən 100 metrə çata bilir.

İspaniyanın "Okdiario” nəşrinin məlumatına görə, körpü təkcə fevral ayında qeyd olunan Çin Yeni ili dövründə təxminən 300 min ziyarətçi qəbul edib. Həmin müddətdə körpüdən 70 mindən çox avtomobil keçib.

Ziyarətçilər qüllələrdən birinin zirvəsində yerləşən müşahidə meydançasına şüşə lift vasitəsilə qalxa bilirlər. Təxminən 800 metr yüksəklikdə yerləşən kafedə mənzərəni seyr edərək vaxt keçirmək mümkündür.

Macəra həvəskarları üçün isə körpüdə banci-kampinq və paraplan uçuşları üçün xüsusi zonalar yaradılıb.

Aydın
The Huajiang Canyon Bridge in China, the world's highest bridge at 625 meters, releasing a massive wall of water
byu/fvkinglzy ininterestingasfuck
--> -->