Xəbər lenti

Dünya 22:10 05.02.2024

"ABŞ İranla savaşda maraqlı deyil" - Politoloq

"ABŞ-la İranın birbaşa toqquşması ssenarisi realdır, amma bunun Vaşinqtonun marağında olduğunu da düşünmürəm”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə ABŞ-ın İranın proksi qüvvələrinə qarşı başladığı əməliyyat fonunda, Vaşinqtonla Tehranın birbaşa toqquşması ehtimalından danışarkən deyib. 

"Vaşinqtonun İranın proksi qüvvələrinə qarşı həmlələri fonunda Türkiyənin xarici işlər naziri Hakan Fidan bu günki çıxışında bildirib ki, ABŞ alovla oynayır. Onun  fikrincə, belə oynamağın sonu bölgə üçün yaxşı heç nə vəd etmir. Fidan bu açıqlama ilə yaranmış vəziyyətdə ABŞ-ı günahlandırıb və deyib ki, alovla oynamağın sonu müharibəyə gətirib çıxara bilər. Bu da ABŞ İran toqquşması ssenarisinin əslində real olmasından xəbər verir. Amma məntiqlə düşünsək, ABŞ-ın birbaşa İrana zərbəsi Yaxın Şərqdəki proseslərin idarəolunmaz vəziyyətə gəlməsilə nəticələnə bilər. Belə bir təhlükəli ehtimal yüksəkdir", deyə politoloq bildirib. 
 


İlqar Vəlizadə deyib ki, ABŞ-ın İrana zərbəsi fonunda, ikinci də birinciyə assimetrik cavab verəcək:

”İsrail və Vaşinqtonun müttəfiqləri də zərər görə bilər. Bu da vəziyyəti gərginləşdirəcək və müharibə Yaxın Şərqin digər istiqamətləri üzrə də alovlanacaq. Ona görə də bu müharibənin ABŞ-ın marağında olduğunu düşünmürəm”. 

Qeyd edək ki, yanvarın 27-də ABŞ-ın İordaniya ilə Suriya sərhədindəki bazasına endirilən zərbələr fonunda Pentaqon İranın proksi qüvvələrinə qarşı əks zərbələr endirməyə başlayıb. İlk gün İranpərəst qüvvələrin Suriya və İraqdakı bir sıra sığınacaqlarına zərbələr endirilib. Vaşinqton başladığı prosesi sona qədər davam etdirmək əzmində olduğunu da bəyan edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->