Sakit okean vaxtı ilə 12 iyuldan 13 iyula keçən gecə saat 00:00-da (Bakı vaxtı ilə 13 iyul saat 11:00-red.) ABŞ Aktyorlar Alyansı (SAG-AFTRA) və Kino Film və Televiziya Prodüserləri Alyansı (AMPTP) arasında bağlanmış müqavilənin son tarixidir. SAG-AFTRA və Prodüserlər Alyansı bu vaxta qədər yeni müqavilə bağlamasa və ya hazırkı müqaviləni yeniləməsə, o zaman aktyorlar tətilə başlayacaqlar.
Qaynarinfo xəbər verir ki, bu barədə "The İnsider”
yazır.
SAG-AFTRA və Prodüserlər Alyansı artıq bir neçə aydır ki, yeni müqavilənin şərtlərini müzakirə edirlər. SAG-AFTRA mənfəətin daha ədalətli bölüşdürülməsinə, kino və televiziya sənayesində süni intellektdən istifadənin tənzimlənməsinə çağırır. Bu, striminq platformaları səbəbindən ciddi gəlir itkisi ilə bağlıdır. Prodüserlər Alyansının nümayəndələri gildiyanın tələblərini açıq şəkildə şərh etməyiblər.
Çərşənbə axşamı günü axşam saatlarında SAG-AFTRA nümayəndələri studiyaların müzakirələrə federal vasitəçilərin cəlb edilməsi təklifi ilə razılaşıblar. Bununla belə, həmkarlar ittifaqı studiya nümayəndələrinin mediaya məlumat sızdırmaqla "etimaddan sui-istifadə etdiklərini” bildirib və 12 iyulu son tarix olaraq qaldığını açıqlayıblar.
Aktyorların tətili faktiki olaraq kinostudiya və televiziyaların işini dayandıracaq. Cennifer Lourens və Meril Strip kimi dünya səviyyəli ulduzlar işlərini tərk etməyə hazır olduqlarını bildiriblər. Həmkarlar ittifaqları "Netflix", "Walt Disney" və digər şirkətlərlə əsas əmək haqqı və striminq xidmətlərindən qalıq ödənişlər, həmçinin generativ süni intellektin istifadəsi də daxil olmaqla digər məsələlərlə mübarizə aparır. Aktyorlar rəqəmsal şəkillərinin onların icazəsi olmadan istifadə olunmayacağına dair zəmanət istəyirlər.
Tətil başlasa, 160 min nəfərdən çox olan SAG-AFTRA üzvlərinə film və ya serialların çəkilişlərində iştirak etmək, habelə onları sosial şəbəkələrdə, premyeralarda və sərgilərdə tanıtmaq qadağan ediləcək.
Əgər Aktyorlar Gildiyası tətil elan edərsə, o zaman ABŞ kino və televiziya sənayesi faktiki olaraq fəaliyyətini dayandıracaq. ABŞ-da mayın əvvəlindən Ssenari Müəllifləri Gildiyası tətilə başlayıb: yeni layihələr üzərində iş dayandırılıb, lakin hazır ssenarilərlə film və serialların çəkilişləri davam edib. Bununla studiyalar milyonlarla dollarlıq itkilərlə üzləşib, bir çox layihələr dayandırılıb, bir çox film və serialların çəkilişləri dondurulub. Sonra ssenaristlər eyni şəkildə Prodüserlər Gildiyası ilə yeni müqavilənin imzalanmasını tələb ediblər. Ssenaristlərin tətili artıq gecə saatlarında televiziya tok-şoularının sonsuz təkrar nümayişinə gətirib çıxarıb və payız televiziya mövsümünün istehsalını və bəzi böyük büdcəli filmlərin çəkilişini dayandırıb.
Nizami Bağırov