Amerika Birləşmiş Ştatları Nümayəndələr Palatasının üzvü, respublikaçı Rendi Fayn Qrenlandiyanın "anneksiyası" haqqında qanun layihəsini Konqresə təqdim edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News” məlumat
yayıb.
Materialda bildirilir ki, bu qanun layihəsinin məqsədi Amerika lideri Donald Trampa Qrenlandiyanın satın alınması və onun Birləşmiş Ştatlara birləşdirilməsi prosesinin qurulması üçün "zəruri tədbirlər görmək" səlahiyyəti verməkdir.
"Hesab edirəm ki, Birləşmiş Ştatların Qrenlandiya üzərində suverenlik həyata keçirməsi sülhün maraqlarına xidmət edir. Konqres hər bir halda ştat statusunun verilməsi barədə qərar qəbul etməli olacaq, lakin bu layihə sadəcə prezidentə etdiyi işləri görmək üçün səlahiyyət verir və Konqresin onu dəstəklədiyini bəyan edir. Və bu, ştat statusunun verilməsi prosesini sürətləndirəcək", – deyə Rendi Fayn "Fox News Digital”a şərhində bildirib.
Tramp adanın ABŞ-a birləşdirilməsi ideyasını hələ Ağ Evdəki birinci prezidentlik müddətindən bəri irəli sürür. O, arqument kimi tez-tez Qrenlandiyanın strateji əhəmiyyətini, xüsusilə Rusiyaya yaxınlığını və ərazisində mühüm faydalı qazıntıların mövcudluğunu vurğulayır.
Bundan əlavə, Fayn hesab edir ki, "Amerika idarəçiliyi Qrenlandiya sakinləri üçün də daha yaxşı olacaq":
"Onlar arasında yoxsulluq səviyyəsi yüksəkdir. Danimarka onlarla yaxşı rəftar etməyib. Şəhərə müharibə gələndə Danimarka onları qoruya bilmədi. Tapın görək, İkinci Dünya Müharibəsi zamanı Qrenlandiyanı kim qorudu? Biz".
Maraqlıdır ki, Ağ Evin mətbuat katibi Kerolayn Levittin Qrenlandiya üzərində nəzarəti bərqərar etmək üçün hərbi gücdən istifadəni istisna etməməsindən sonra Respublikaçılar Partiyasından olan qanunvericilər bir qədər çaşqınlıq yaşayıblar.
Bəs Amerika Konstitusiyası nə deyir?
ABŞ Konstitusiyası Konqresə yeni ştatları tərkibə qəbul etmək hüququ verir. Qanunvericilər yeni ştatın yaradılmasını sanksiyalaşdıran qanun qəbul etməlidirlər. Daha sonra müvafiq ərazi orada yaşayan insanlar tərəfindən təsdiqlənmiş ştat konstitusiyasının layihəsini hazırlamalıdır.
Bundan sonra, qərar prezident tərəfindən imzalanaraq yekunlaşmazdan əvvəl Konqres yeni ştatın ABŞ tərkibinə daxil edilməsi üçün yenidən səs verməlidir.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Levitt Trampın bu məsələdəki mövqeyini izah etmişdi: prezident hesab edir ki, əgər ABŞ Qrenlandiya üzərində nəzarəti ələ keçirməsə, zaman keçdikcə ada Çin və ya Rusiya tərəfindən zəbt edilə bilər.
"Unutmaq lazım deyil: söhbət təkcə Birləşmiş Ştatların maraqlarından getmir. Çox güman ki, Qrenlandiyanın özü üçün də Birləşmiş Ştatların bir hissəsi olmaq və ABŞ-ın müdafiəsi altında qalmaq daha yaxşı olardı", – deyə o əlavə edib.
ABŞ Prezidenti Donald Tramp Arktika adası ətrafındakı məsələdə diplomatik yolla getmək və saziş bağlamaq istədiyini bəyan edib, "amma bu və ya digər şəkildə, Qrenlandiya bizdə olacaq". O, həmçinin bildirib ki, söhbət icarədən və ya qısamüddətli sahiblikdən deyil, satın almadan gedir.
Avropa İttifaqının müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius hesab edir ki, Qrenlandiyanın ABŞ tərəfindən güclə ələ keçirilməsi NATO-nun süqutuna səbəb olacaq. O vurğulayıb ki, bu, Avropa ilə ABŞ arasındakı münasibətlərin bütün aspektlərinə təsir edəcək.
Avropada artıq alternativ həll yolları axtarılır. Məsələn, "Bloomberg” yazır ki, Almaniya ABŞ ilə münasibətlərdəki gərginliyi yumşaltmaq üçün Arktika regionunda təhlükəsizlik maraqlarını monitorinq etmək və qorumaq məqsədilə birgə NATO missiyasının yaradılmasını təklif edəcək.
Alpər
Şərhlər