Amerikalı aktyor və "Forsaj" filmlərinin ulduzu Tayriz Gibsonu ABŞ polisi axtarışa verib.
Qaynarinfo CBS-yə istinadən xəbər verir ki, Atlanta polisi artıq aktyorun həbsinə dair order çıxarıb. Buna qonşusunun heyvanlara qarşı qəddar rəftarla bağlı şikayəti səbəb olub.
Fulton dairəsi polis idarəsinin açıqlamasında bildirilir ki, sentyabrın 18-də Bakhed sakini polisə zəng edərək, Gibsona məxsus dörd kane-korso cinsli itin qonşuluqda yaşayan Henri adlı 5 yaşlı kavalier-spaniel cinsli iti parçalayaraq öldürdüyünü bildirib.
Sonradan məlum olub ki, 46 yaşlı aktyorun itləri barədə daha beş nəfər də şikayət edib, lakin o, xəbərdarlıqlara məhəl qoymayıb.
Hadisədən sonra aktyor itlərini Heyvanların Müdafiəsi Xidmətinə təhvil verəcəyini bildirsə də, ziyarətə gələn heyvan mühafizəçilərindən düşünmək üçün vaxt istəyib. Daha sonra isə o, itlərindən imtina etməkdən boyun qaçırıb. Nəticədə məhkəmə aktyorun evində axtarış və onun özü barəsində heyvanlara qarşı qəddarlıq ittihamı ilə həbs orderi verib.
Hazırda Gibson Dubayda olduğu üçün onu saxlamaq mümkün olmayıb, lakin itlər artıq heyvan müdafiəçiləri tərəfindən götürülüb.
Aktorun hüquqi nümayəndəsi isə açıqlamasında Gibsonun ev heyvanını itirən ailəyə dərin hüznlə başsağlığı verdiyini və məsələni məsuliyyətlə həll etmək üçün hüquq-mühafizə orqanları ilə tam əməkdaşlığa hazır olduğunu qeyd edib.
Aydın
Şərhlər