Xəbər lenti

ABŞ Rusiyanın Türkiyədə atom elektrik stansiyası tikməsinə mane olur
Dünya 17:44 08.07.2024

ABŞ Rusiyanın Türkiyədə atom elektrik stansiyası tikməsinə mane olur

"Rosatom” korporasiyasının Rusiya-Türkiyə arasında ən böyük investisiya layihəsi olan "Akkuyu” AES-in tikintisi üçün Türkiyəyə köçürdüyü vəsaitlərə həbs qoyulur.

Qaynarinfo TASS və "Reuters"ə istinadən xəbər verir ki, bunu Rusiya dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçyov bildirib.

"Hesablaşma sistemi hücuma məruz qalır. Pulları ələ keçirirlər", deyə Lixaçyov bildirib.
 
Onun sözlərinə görə, vəsaitlərin ələ keçirilməsinə görə məsuliyyəti "Rosatom”la işləyən "hüquqi şəxslər və banklar arasında gəzən” amerikalılar” daşıyır.

Türkiyədə atom elektrik stansiyası layihəsinin dəyəri 25 milyard dollar qiymətləndirilir və bütün xərcləri Rusiya ödəyir. Lixaçyov etiraf edib ki, sanksiyalar layihənin həyata keçirilməsinə mane olur.

"Rosatom”un özü Qərb məhdudiyyətlərinə məruz qalmasa da, korporasiyanın bir neçə törəmə şirkəti sanksiyalar siyahısına daxil edilib. Xüsusilə, bu, nüvə qurğularının quraşdırılması texnologiyalarını inkişaf etdirən "Atomstroy” ASC, həmçinin uranın zənginləşdirilməsi üçün sentrifuqalar istehsal edən "Toçmaş" istehsalat birliyidir. 

Lixaçyov qeyd edib ki, sanksiyalara və çətinliklərə baxmayaraq, "Rosatom” AES-in tikintisini davam etdirir və bu, Türkiyədə ilk AES olmalı və 12 milyon istehlakçıya xidmət etməlidir.

Xatırladaq ki, Türkiyə və Rusiya arasında "Akkuyu” AES-in tikintisi və istismarı ilə bağlı hökumətlərarası saziş 2010-cu ildə imzalanıb. Elə həmin il Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedev müqaviləni ratifikasiya edib.

2023-cü ildə stansiyanın dörd enerji blokundan birincisinin açılışı olub. Onun istifadəyə verilməsi bu il planlaşdırılır. Atom elektrik stansiyasının layihə gücü Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ni təmin etməlidir.

"Akkuyu”dan sonra Türkiyə hakimiyyəti daha üç atom elektrik stansiyası tikməyi planlaşdırır, həmçinin kiçik modul reaktorların alınmasını nəzərdən keçirir.

Türkiyə Energetika Nazirliyinin yüksək rütbəli rəsmisi "Reuters"ə bildirib ki, qurum "Rosatom”dan başqa, amerikalı podratçılar, eləcə də Çin və Cənubi Koreya şirkətləri ilə danışıqlar aparır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->