Dünya 15:38 27.01.2023

ABŞ Türkiyə üçün F-16 şərti: Ankara Finlandiya üçün "yaşıl işıq" yandıra bilər

"Ankaranın ABŞ-ın bu şərtinə razılıq verəcəyini düşünmürəm. Ən azından bu məsələ qeyri-müəyyən müddətə təxirə salınacaq, Türkiyədə keçiriləcək seçkilərə qədər məsələyə bir daha baxılmayacaq. Yalnız seçkilərdən müzakirə ediləcək".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural Rzayev ABŞ prezidenti Co Baydenin Türkiyəyə F-16-ları Ankaranın İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün müraciətləri təsdiqləməsi şərtilə verəcəyini bəyan etməsinə münasibət bildirərkən deyib. Politoloq bildirib ki, Türkiyə İsveçdən fərqli olaraq, Finlandiya "yaşıl işıq” yandıra bilər:

"Eyni zamanda, alternativ, kompromis variant olaraq, təkcə Finlandiyanın NATO-ya qəbul edilməsinə Türkiyə "yaşıl işıq” yandıra bilər. Finlandiya Türkiyənin tələblərini demək olar ki, yerinə yetirib, tələb olunan bütün günahkarlar, bir nəfərdən başqa, təqdim edib. Həmçinin, Helsinki Türkiyəyə qoyduğu silah embarqosunu da götürüb. Finlandiya XİN rəhbəri bu yaxınlarda açıqlamasında NATO-ya qəbul üçün ayrıca əzirə verə biləcəklərini də bildirib. 

Qərb üçün də Finlandiyanın NATO-ya üzv olması, İsveçlə müqayisədə daha vacibdir. Çünki İsveçin Rusiya ilə sərhədi yoxdur. Finlandiyanın quruma üzv olması ilə isə NATO Rusiya ilə sərhədi iki dəfəyə qədər artır. Moskvanın da qorxduğu əsas ssenari budur. Finlandiya Peterburqun bir addımlığındadır və birbaşa olaraq Rusiyanın bütün Baltik hərbi dəniz donanmasını blokadaya ala bilər”. 

Qeyd edək ki, ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Konqresdə dinləmələr zamanı çıxışında ABŞ prezidenti Co Bayden administrasiyasının F-16 qırıcılarının satışı şərtlərini Türkiyəyə çatdırdığını bildirib. Söhbət  Ankaranın İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün müraciətləri təsdiqləməsindən gedir: "Biz türk müttəfiqlərimizə məhz bunu  söylədik. Konqres, yəqin ki, Türkiyə Finlandiya  və İsveçin NATO-ya daxil olmasına dair sənədləri ratifikasiya etdikdən sonra Ankaraya F-16-ların satışına daha müsbət yanaşacaq".

Rüfət Sultan