İstanbulda ABŞ və Rusiya arasında danışıqlar aparılır. Belə fikirlər səslənir ki, danışıqların əsas mövzusu Ukraynadır. İddia edilir ki, Vaşinqton qış ərəfəsində Ukrayna cəbhəsində atəşkəsin elan edilməsinə tərəfdardır. Moskva üçün də atəşkəs indiki vəziyyətdə vacibdir. Öz qüvvələrini yenidən qruplaşdırmaq, zəif yerləri müəyyənləşdirib, onları aradan qaldırmaq üçün Kreml taym-aut götürə bilər.
Politoloq Qabil Hüseynli Qaynarinfo-ya açıqlamasında bildirib ki, danışıqlar nüvə silahı məsələsinə həsr olunub:
"Bu görüşü bəzi mətbu orqanlar bəzəyərək təqdim edir. İstanbulda iki tərəf arasında danışıqlar gedir. Amma hələlik danışıqlar ən yuxarı səviyyədə aparılmır. Prosesdə Rusiya tərəfini Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin, ABŞ-ı isə Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi general Vilyam Börns təmsil edir. Hələlik bu danışıqlar ancaq nüvə silahı ilə bağlı məsələlərə həsr olunub. Daha çox Rusiyaya xəbərdarlıq edilməsi məqsədi daşıyır.
Kreml tez-tez müxtəlif siyasilərin dililə Ukraynada nüvə silahı tətbiq edəcəyini, hətta bəzi Avropa ölkələrinə ballistik raketlərlə zərbə endirəcəyini bildirir. Zənnimcə, İstanbulda gedən danışıqlarda Moskvaya açıq formada bildirilib ki, nüvə silahı haqqında yenə də kimlərsə sərsəm-sərsəm danışmağa başlasa, Qərb Rusiyanı növbəti sanksiyalara məruz qoyacaq”.
Ekspertin fikrincə, danışıqların növbəti mərhələsi olarsa, burada Rusiyanın gələcək vəziyyətilə bağlı məsələlər də müzakirə predmeti ola bilər:
"Amma belə görüş artıq kəşfiyyatçılar səviyyəsində deyil, siyasilər səviyyəsində olacaq”.
Rüfət Sultan