Abbas Abbasov ən qatı rus şovinistlərindən də uzağa gedərək, Ukraynanı nasist Almaniyası ilə eyniləşdirir. Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Ərəstun Oruclu öz "Facebook" səhifəsində çıxış edib.
O, Abbasovun Rusiyaya sadiq qalacağı ilə bağlı səsləndirdiyi fikirlərə də şübhə ilə yanaşdığını bildirib: “Abbas Abbasovun Rusiyanın "Reqnum" agentliyinə verdiyi müsahibə qalmaqal yaradıb. Ona əsas irad tutulan da "Ona görə ki, azərbaycanlıların qanında biznes-genləri var, onlar bazarda alver eləməyə alışıblar" (ruscada: Потому что в крови у азербайджанцев есть бизнес-гены, они привыкли торговать на рынке) cümləsidir. Aşağılayıcı səslənir, amma görünür müsahibədəki bir sıra daha önəmli məqamlar diqqətdən yayınıb. Belə ki, müsahibədə Rusiyanın Ukrayna siyasətini dəstəkləyən və durmadan Putinin ünvanına təriflər deyən Abbas Abbasov bildirir ki, Ukraynada yaşayan 13 milyon rus əhalisinin məhv edilməsinə yol vermək olmazdı. İmkan vermək olmaz ki, Holokost təkrarlansın.
Təsəvvür edirsiniz, bu adam ən qatı rus şovinistlərindən də uzağa gedərək, Ukraynanı nasist Almaniyası ilə eyniləşdirir, baxmayaraq ki, bu uğursuz müqayisə həm də Abbas Abbasovun Holokost haqqında bilgilərinin hansı səviyyədə olması barədə xeyli suallar doğurur. Bu da bir o qədər önəmli deyil, amma görün Azərbaycana, xalqımıza ağsaqqallıq eləmək (bəlkə də daha çox) iddiasında olan, onilliklər boyu yüksək postlar tutmuş və bunun sayəsində misilsiz sərvət toplamış bir şəxs Qarabağ müharibəsi haqqında nə deyir: "Amma iki münaqişə tərəfi necə anlaşa bilər? Artıq hər iki tərəfdən 15 min nəfər insan itkisi olub..." və s. Təsəvvür edirsiniz, sən demə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində hər iki tərəf eyni sayda - hərəsi 15 min insan itiribmiş və bu rəqəmləri deyən şəxs 15 il ərzində Azərbaycan Respublikası baş nazirinin birinci müavini olub. Abbas Aydınoviçin böyük bir hissəsini Rusiyanı tərifləməyə həsr etdiyi müsahibəsinin başlığı isə belədir: "Biz həmişə ərazisində yaşadığımız dövlətin maraqlarını müdafiə edəcəyik".
Xatırladıram ki, Abbas Abbasov artıq 9 ildir Rusiyada yaşayır. Bax elə müsahibənin başlığındakı bu fikrin səmimiliyinə də mənim zərrə qədər şübhəm yoxdur”.
Qaynar.info