
Ali Məhkəmədə AMAY ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev barəsindəki hökmündən verilmiş kassasiya şikayəti üzrə məhkəmə keçirilib.
Bu barədə Report-a A.Abdullayevin vəkili Osman Kazımov məlumat verib.
Vəkil bildirib ki, hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən proses təxirə salınıb. Buna səbəb A.Abdullayevin kassasiya şikayətinin geri götürməsi səbəb olub.
Məhkəmə martın 16-dək təxirə salınıb.
Qeyd edək ki, A.Abdullayev 2015-ci ilin aprel ayının 4-də həbs edilib. Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə "Birlikbank" ASC-nin Müşahidə Şurasının sədri işləmiş A.Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu AMAY MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib.
O, Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.
Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində A.Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A.Abdullayevin vəkili O.Kazımov apellyasiya şikayəti verib. Dekabrın 11-də Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Daha sonra A.Abdullayev Ali Məhkəməyə müraciət edib.
Qaynar.info