
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
Qaynarinfo.Az xəbər verir ki, Ali təhsil müəssisələrinin müsabiqəsində 38118 abituriyent iştirak edib. Onların 90%-i (34224 nəfəri) ali təhsil müəssisələrinə qəbul olunub. 12309 nəfər dövlət sifarişi əsasında, 21915 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Beləliklə bu il üçün I-V ixtisas qrupları üzrə 41 825 plan yerinin 82%-i abituriyentlər tərəfindən tutulub.
Tələbə adı qazanmış şəxslər 2016-cı il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaqdır.
Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.
Qeyd edək ki, bu il I-V qruplar üzrə ali məktəblərə ümumilikdə 41 825 plan yeri ayrılıb. Plan yerlərindən 13 632-si (5441 dövlət sifarişli) I ixtisas qrupu, 12 315-si (1926 dövlət sifarişli) II ixtisas qrupu, 9782-si (2721 dövlət sifarişli) III ixtisas qrupu, 3310-nu (1405 dövlət sifarişli) IV ixtisas, 2786 yer isə V ixtisas qrupu üçün nəzərdə tutulub. Bütün qruplar üzrə ayrılmış plan yerlərinin 29%-i (12 341 yer) dövlət sifarişli ixtisaslardır.
Qaynarinfo.Az olaraq tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayırıq.
Elçin Mahmud
Qaynarinfo.Az