"Çelsi”ni satmağa hazırlaşan rusiyalı iş adamı Roman Abramoviçin aktivləri müsadirə edilib.
Qaynarinfo xəbər verir ki, Rusiya ilə Ukrayna arasında yaşanan böhranın futbola təsirləri davam edərkən, İngiltərə hökumətinin rus oliqarxlarının aktivlərinə həbs qoyulması qərarına görə "Çelsi”nin sahibi Roman Abramoviç də əziyyət çəkib. Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Abramoviç bu səbəbdən böyük itki ilə üzləşib.
Çelsi üçün təxminən 3 milyard funt sterlinqlik təklif gözləyən və müxtəlif investorlarla danışıqlar aparan rusiyalı milyarder, sonra ən azı bu an üçün klubu sata bilməyəcək. Milyonlarla azarkeşi və gələcəyi qeyri-müəyyən olan London komandası isə oyunlarını xüsusi icazə ilə davam etdirə biləcək.
Futbol fəaliyyətini yalnız xüsusi lisenziya ilə davam etdirməyə icazə veriləcək "Çelsi" bu prosesdə ev sahibliyi edəcəyi matçlara bilet sata bilməyəcək. Yalnız bilet sahibləri növbəti bildirişə qədər "Çelsi"ni "Stamford Bridge"də izləyə biləcəklər.
Siyasi böhrandan ən çox təsirlənən komandalardan biri olan "Çelsi"nin baş məşqçisi Tomas Tuçel bir müddət əvvəl bu vəziyyətin komandanın konsentrasiyasına mənfi təsir göstərdiyinə dair açıqlama vermişdi.
Britaniya tərəfindən sanksiya tətbiq edilən rus oliqarxlarının sayı 200-ü ötüb, cümə axşamı günü hökumət sanksiyaları ilə üzləşən səkkiz Rusiya vətəndaşından biri Abramoviçdir.
Səbuhi Həsənov