"Hazırda ABŞ-da baş verən proseslər qlobal iqtisadi sistem böhranının son nöqtəyə gəlib çatmasının əlamətlərindən biridir”.
Qaynarinfo xəbər verir ki, bu sözləri iqtisadçı Qaşqay İsmayıl bildirib. Onun sözlərinə görə, Amerikada iki nəhəng proyekt arasında ölüm-dirim döyüşü gedir və Tramp faktoru burada heç nəyi həll etmir:
"Amerikanın deindustrializasiyasına qarşı müqavimət göstərən və sənayeni təmsil edən oliqarxiya Baydenin təmsil etdiyi qlobalistlərə sona qədər müqavimət göstərməyə çalışır. Həmçinin artıq dollar emissiyası hesabına yaşamağın mümkün olmadığını da hər iki tərəf yaxşı anlayır və hər biri problemi öz bildiyi kimi həll etməyə çalışır.
Xarizmatik lider olan Tramp təkcə öz maraqlarını düşünmür, onun təmsil etdiyi proyektin sahibləri məğlub olarsa, bu onların birdəfəlik sonu demək olacaq. Dünənki hadisələr həm də Amerika isteblişmentinin seçkilərdə şübhəli şəkildə qalib gəlmiş Baydenə verdiyi dəstəyə xalq etirazlarının təzahür forması idi.
Əlbəttə, Amerika demokratiyası dünyada mövcud olan sistemlər arasında ən qabaqcılı sayilmalıdır. Amma hadisələrin kökündə dayanan səbəblər o qədər ciddidir ki, artıq hər iki tərəf demokratiyanı ikinci plana keçirib. Amerika demokratiyasının varlığı və qələbəsi isə son dərəcə vacibdir, əks təqdirdə avtoritar hökumətlərin mövqeləri daha güclənə bilər”.
Orxan Əhmədli