
ABŞ Xarici İşlər Nazirliyi 2016-cı ilə aid terrorizm hesabatını ictimaiyyətə təqdim edib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, hesabatda 2015-ci illə müqayisədə terror hücumlarının və terrorizmin qurbanı olan insanların sayının azaldığı bildirilir. Ən çox hücum təşkil edən terror qrupu İŞİD, hücuma ən çox məruz qalan ölkələr isə İraq, Əfqanıstan, Hindistan, Pakistan və Filippindir.
Sənəddə ilk dəfə Türkiyədə ötən il cəhd edilən çevriliş barədə məlumat verilib və FETÖ terror təşkilatından danışılıb. Bildirilir ki, çevriliş cəhdi nəticəsində 240-dan çox insan öldürülüb, 2 mindən çox insan yaralanıb. Türkiyənin PKK, İŞİD-ə qarşı apardığı mübarizə və FETÖ üzvləri də daxil olmaqla, çox sayda terrorçunun həbsindən bəhs edilir.
Hesabatda diqqət çəkən əsas məqam PKK terror təşkilatının Suriya qolu olan YPG/PYD-nin terrorçu qruplar arasında adının çəkilməməsidir.
Qeyd edək ki, YPG ABŞ-ın yaxın müttəfiqi hesab edilir və bu qrupa Suriyada İŞİD-lə mübarizə aparmaq məqsədilə çox sayda hərbi yardım edilir.
Gülşən
Qaynarinfo.Az