Xəbər lenti

ABŞ-la Çinin qansız gedən amansız müharibəsi: Pekinin “Huawei” tələsi (ŞƏRH)
Siyasət12:31 18.07.2020

ABŞ-la Çinin qansız gedən amansız müharibəsi: Pekinin “Huawei” tələsi (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"ABŞ-la Çin arasındakı mübarizə texnologiyalar istiqamətində də var gücüylə davam edir". 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun fikrincə, Vaşiqntonun əsas hədəfi Çinin "Huawei” şirkətidir:
"ABŞ-ın Dövlət katibi Mayk Pompeo Çini "Huawei” şirkəti və HSBC bankı vasitəsilə Böyük Britaniyaya təzyiq göstərməkdə günahlandırıb. Mayk Pompeo bildirib ki, "Huawei” şirkəti rəsmi Pekinin əlində təzyiq alətidir. "Huawei” şirkətinin Çinin Kommunist Partiyasının dövlət kəşfiyyatını davam etdirdiyini” deyən Mayk Pompeo bildirib ki, Vaşinqton müttəfiqləri ilə birgə Çin Kommunist partiyasının məcbur etmə və hədə-qorxu gəlmə taktikasına qarşı mübarizə aparır.
Pekin başqa dövlətləri də hədələyir. Pekin "Huawei” şirkətinə ehtiyatla yanaşan Avstraliya, Danimarka və digər bu kimi dövlətləri də hədələməkdən çəkinmir. Ancaq bu hədələr əks-effekt yaradır".  
Politoloq Çinin ABŞ-la yanaşı, Vaşinqtonun müttəfiqlərini də hədəf aldığını vurğulayıb: 
"Londonun "Huawei” şirkəti ilə bağlı tərəddüdləri artır. Pekin 5G şəbəkəsinin Birləşmiş Krallıq ərazisində qurulmasına Londonun icazə verməyəcəyi təqdirdə Britaniyanın HSBC bankını cəzalandırmaqla və burada Atom Elektrik Stansiyasının inşası üzrə öhdəliklərini pozacağı ilə hədələyib. Məsələ burasındadır ki, HSBC-nin Asiya-Sakit okean bankının baş direktoru, Çin Xalq Siyasi Məşvərət Konfransının üzvü Piter Vonq "Honkonqun muxtariyyətini məhv etmək və BMT tərəfindən qeydə alınmış müqavilədəki öhdəlikləri pozmaqla bağlı Pekinin katastrofik qərarı”nı dəstəkləyən petisiya imzalayıb". 
Elxan Şahinoğlu bildirib ki, "Huawei” şirkətini ağır günlər gözləyir: 
"Çin hakimiyyəti Qərb ölkələrindən illərdir informasiya texnologiyalarını ona görə oğurlayırdı ki, müxtəlif şirkətlər yaradıb dünya bazarlarına hakim olsun. "Huawei” şirkəti də eyni məqsədə qulluq etməliydi. Ancaq bir çox ölkə Pekinin bu hiyləsini anlayaraq Çinin bu siyasətinə qarşı müqaviməti gücləndirdi".
Bahar Rüstəmli