Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra bir sıra qərarlar qəbul olunub. Qərarlardan biri Azərbaycanda VAR (video köməkçi hakim) sisteminin tətbiqi ilə bağlı olub. Belə ki, məsələ ilə bağlı müvafiq hüquqi prosedurların həyata keçirilməsinə qərar verilib.
İcraiyyə Komitəsinin digər qərarları isə aşağıdakı kimidir:
1. Azərbaycan Premyer Liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiqi ilə bağlı tender sənədlərinə uyğun olaraq müvafiq hüquqi prosedurların icrasına başlanılsın və 2021/2022-ci il mövsümünün qış fasiləsindən sonra VAR sisteminin tətbiqi nəzərdə tutulsun.
2. 2021-ci il sentyabrın 1-dən etibarən Azərbaycan Premyer Liqası hakimləri ilə bağlı "Peşəkar hakim” sistemi tətbiq olunsun (Peşəkar hakim sistemi ilə əlaqədar ictimaiyyətə əlavə məlumat veriləcək).
3. "2022-2023-cü il mövsümü üçün "Klubların lisenziyalaşdırması üzrə qaydalar” təsdiq olunsun.
4. İntizam Komitəsinin müfəttişi vəzifəsi Namiq Əliyevə həvalə olunsun.
5. Premyer Liqa klublarının müraciətinə uyğun olaraq, COVİD-19 pandemiyasının yaratdığı çətinliklər nəzərə alınaraq AFFA tərəfindən 2021/2022-ci il mövsümündə də klublara maliyyə yardımı davam etdirilsin. Maddi dəstəyin məbləği AFFA ilə klublar arasında danışıqlardan sonra müəyyənləşdirilsin.
Səbuhi Həsənov