Avropa İttifaqının 16 ölkəsi birlikdə Avropa Komissiyasına müraciət edərək, ümumavropa tütün qanunvericiliyinə dəyişikliklər edilməsini və onun elektron siqaretləri də əhatə etməsini tələb edib. Elektron siqaretlər getdikcə daha çox populyarlaşır.
Qaynarinfo xəbər verir ki, bu təşəbbüsə Niderland rəhbərlik edib və onu Fransa, İspaniya, Almaniya, Belçika, Portuqaliya, İrlandiya, Danimarka, Finlandiya, Estoniya, Latviya, Çexiya, Slovakiya, Bolqarıstan, Xorvatiya və Sloveniya
dəstəkləyib.
Bu ölkələrin maliyyə nazirləri tərəfindən Avropa Komissiyasına göndərilən və agentliyin əldə etdiyi məktubda bildirilir ki, ümumavropa qanunvericiliyinin yenilənməsinə ehtiyac var. Məqsəd, hazırda müxtəlif ölkələrdə fərqli yanaşmalar tətbiq olunan, o cümlədən elektron siqaretlərə aksiz vergisinin tətbiqinə dair fərqlilikləri aradan qaldırmaqdır. Bu isə vahid bazarda təhriflərə səbəb olur.
"Mövcud direktiv əsasında bu məhsulların əksəriyyətini ənənəvi tütün məhsulları kimi vergiyə cəlb etmək mümkün deyil. Mövcud direktivin müddəaları ya kifayət deyil, ya da çox dar çərçivədədir... Avropa qanunvericiliyinin çatışmazlıqları səbəbindən üzv ölkələr milli səviyyədə uyğun addımlar atıblar. Bu, parçalanmaya, qeyri-bərabər rəqabət şərtlərinə və daxili bazarımızda təhriflərə səbəb olub", - nazirlər qeyd edib.
Qeyd edək ki, 2022-ci ildən etibarən Aİ-də tütün qanunvericiliyinə müəyyən dəyişikliklər qüvvəyə minməli idi, lakin bu dəyişikliklər təxirə salınıb.
Avropa Komissiyası elektron siqaretlər üçün, xüsusən də nikotin miqdarı və siqaret çəkməyən şəxslərin istifadə etməməsi ilə bağlı bəzi standartlar müəyyən edib. Lakin elektron siqaretlərlə bağlı qaydalar ölkələr arasında fərqlənir.
Xatırladaq ki, Fransanın əvvəlki hökuməti nikotin tərkibli bəzi məhsullar, xüsusilə də nikotin kisələrinin qadağan olunması barədə müzakirələr aparmışdı.
Alpər
Şərhlər