Avropa Komissiyası üzv dövlətlərin 2030-cu ilə qədər su istehlakını 10 faiz azaltmasını nəzərdə tutan yeni bir plan üzərində işləyir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" qəzeti planın məzmununa istinadən məlumat verib.
Yeni təşəbbüs Avropa İttifaqının geniş yayılmış quraqlıq halları ilə üzləşməsi fonunda irəli sürülür və ilk dəfə olaraq səmərəli su istifadəsi üçün konkret hədəflər müəyyən ediləcək.
Plan çərçivəsində Aİ ölkələrinə təmizləmə və su təchizatı infrastrukturlarına illik 23 milyard avro sərmayə yatırmaq tövsiyə olunacaq. Avropa Komissiyası bunun üçün üzv dövlətləri su infrastrukturuna daha çox sərmayə ayırmağa çağıracaq.
Qəzetin yazdığına görə, plan iyun ayında rəsmi şəkildə təqdim olunacaq və yeraltı su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqların nəticəsi olaraq formalaşdırılıb.
"Financial Times" qeyd edir ki, bu təşəbbüs Aİ-nin su resurslarının getdikcə daha çox təzyiq altında olduğunu və xüsusilə yeraltı içməli su ehtiyatlarının azaldığını göstərir.
Aydın
Şərhlər